2018-05-11
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir

Bildiririk ki, cari ilin 10 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Küveytin “Four Seasons” mehmanxanasının “Əl-Mirqab” ziyafətlər zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, Küveytin siyasi, ictimai xadimlərinin, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin, Küveyt-Türk məktəbinin müəllim heyətinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin, habelə Türkiyə, Rusiya, Ukrayna, İran, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın Küveytdəki Səfirləri və səfirliyin əməkdaşları və yerli kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə ulu öndərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Anım mərasimində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Elxan Qəhrəman, Gürcüstanın Küveytdəki Səfiri Roland Beridze, Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbib çıxış etmişlər. Anım mərasimini giriş sözü ilə açaraq Səfir Elxan Qəhrəman, ulu öndər Heydər Əliyevin tarixi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu və memarı olduğunu vurğulayaraq, onun keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açmış, Heydər Əliyevin öz əməli fəaliyyəti ilə xalqımızın yaddaşında əbədi iz buraxdığını bildirmişdir. Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrünün və bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Eyni zamanda, SSRİ-nin süqutundan sonra, Azərbaycanın suverenliyinin qorunmasına və siyasi sabitliyinə nail olunmasına xüsusi əmək sərf etdiyini diqqətə çatdırmışdır. Azərbaycanın çətin və ağır günlərində ərazilərimizin bir hissəsinin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyi bir vaxtda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdığını, 1995-ci ildə ulu öndərin rəhbərliyi ilə yeni Konstitusiyanın qəbul edildiyini, 1994 və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlərin qarşısının alındığını xatırlatmışdır.

Ulu öndərin Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsindən, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs etmişdir. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi və siyasi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artmasının Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyi vurğulamışdır.

Küveyt Universitetinin tələbəsi, 2017-ci ildə “Mən Azərbaycan haqqında nə bilirəm” inşa yazı müsabiqəsinin qalibi Omar Əl-Həbib çıxış edərək, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Azərbaycanı çətin sınaqlardan məharətlə çıxardığını, ölkənin daxili və xarici siyasətində mühüm islahatlar apardığını, ölkə iqtisadiyyatını uğurla inkişaf etdirdiyini, habelə Heydər Əliyevin İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əməkdaşlıq və dostluq münasibətlərinə xüsusi önəm verdiyini, onun ideyalarının bu gün də yaşadığını və bu ideyaların Azərbaycanın tarixi və dini əlaqələrə malik olduğu islam dünyası və ərəb ölkələri ilə dostluq və əməkdaşlıq əlaqələrinə xidmət etdiyini qeyd etmişdir.

Gürcüstanın Səfiri Roland Beridze,  ölkəsində Heydər Əliyevin xatirəsinin çox əziz tutulduğunu diqqətə çatdırmış, Gürcüstan-Azərbaycan qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün Heydər Əliyevin böyük işlər gördüyünü. İki dövlət arasında dostluq əlaqələrinin inkişafında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Gürcüstanın mərhum prezidenti Eduard Şevarnadzenin rolunu xüsusi vurğulamışdır.

Bununla yanaşı, tədbir zamanı ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilmiş, mərasim iştirakçılarına Ümummilli liderin həyat və fəaliyyətinə dair Səfirliyin ərəb və ingilis dillərində hazırladığı press-reliz təqdim olunmuşdur. Daha sonra mərasim iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa etmişlər.

Ulu öndərin həyat və fəaliyyətinə dair məlumatlar Küveyt gəncləri arasında geniş istifadə olunan sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram) yerləşdirilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

 

 

növbəti xəbər əvvəlki xəbər