2015-04-01
Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı keçirilib

Martın 31-də Əl-Küveyt şəhərində Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı keçirilib.

Konfransda Asiya, Afrika, Yaxın Şərq və Avropadan 78 dövlətin nümayəndələri ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatının, Avropa İttifaqının təmsilçiləri də iştirak ediblər.

İclası açan Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl-Sabah konfransın işinə uğurlar arzulayaraq müasir dövrdə baş verən silahlı münaqişələr zamanı əziyyət çəkən insanlara yardım etməyin zəruriliyindən danışdı və bildirdi ki, Küveyt Dövləti tərəfindən suriyalı qaçqınlara 500 milyon dollar məbləğində yardım ayrılacaq.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun çıxış edərək Suriyada davam edən silahlı toqquşmalar nəticəsində humanitar fəlakətin yarandığını və bu münaqişənin tezliklə sona çatması üçün səylərin artırılmasının vacibliyini vurğuladı.

BMT-nin baş katibi bildirdi ki, daxili münaqişə irimiqyaslı hərbi əməliyyatlarla müşayiət olunur ki, bu da yerli əhalinin qaçqın düşməsi ilə nəticələnir. Minlərlə insan - uşaqlar və qocalar evsiz, qidasız qalıb. Onlara yardım üçün konfransda iştirak edən donor ölkələr öz səxavətlərini göstərməlidirlər.

Sonra BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, baş katibin humanitar yardımlar üzrə köməkçisi Valeri Amos, İordaniyanın və Livanın Baş nazirləri çıxış etdilər.

Suriyada davam edən münaqişə haqqında film nümayiş olundu.

Konfransda iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov tədbirə dəvətə və təşkilatçılığa görə Küveyt Dövlətinə və BMT-nin baş katibinə təşəkkür edərək dedi ki, Suriya münaqişəsi hazırda dünyada hökm sürən ən ciddi humanitar böhranlardan birinin yaranmasına səbəb olub. Münaqişə milyonlarla insanın, o cümlədən qaçqın və məcburi köçkünlərin ağır şəraitə düçar olması ilə nəticələnib və onların insan haqları pozulmaqda davam edir. Eyni zamanda, Suriya qaçqınlarına öz ərazilərində sığınacaq vermiş qonşu ölkələr də münaqişənin nəticələrindən əziyyət çəkir.

Əli Həsənov bildirdi ki, oxşar problemləri yaşayan ölkə kimi Azərbaycan Suriya xalqının əzab və əziyyətlərini daha yaxından hiss edir. 20 ildən artıqdır ki, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub və hazırda ölkəmizdə 1 milyondan çox insan qaçqın və ya məcburi köçkün kimi yaşamaqdadır. Hazırkı konfrans bizim üçün çox ağrılı bir günə təsadüf edir. 1918-ci il martın sonunda ermənilər tərəfindən Azərbaycanın müxtəlif bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən qırğınlar törədildiyi üçün 1998-ci il ildən etibarən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Bu gün bizi narahat edən məsələlərdən biri də budur ki, Ermənistan hökuməti erməni əsilli suriyalı qaçqınları Azərbaycana məxsus olan, lakin işğal altında saxladığı ərazilərdə, bütün beynəlxalq norma və prinsiplərə zidd olaraq yerləşdirir. Hesab edirik ki, konfrans zamanı toplanılan yardımlar yuxarıda qeyd edilən qeyri-qanuni məskunlaşma üçün deyil, məhz Suriya qaçqınlarının mühüm humanitar ehtiyaclarının ödənilməsi və həyat şəraitinin bərpası məqsədilə istifadə edilməlidir.

Azərbaycana gəlincə deyə bilərəm ki, dövlətimiz Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi və siyasi islahatlar nəticəsində artıq beynəlxalq aləmdə yeni donor ölkəsi kimi çıxış edir. Dünyada baş verən iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) Latın Amerikası, Afrika və Asiyanın 30-dan çox ölkəsində, həmçinin Heydər Əliyev Fondu Pakistan, Gürcüstan, Hollandiya, Misir, Rumıniya, Rusiya, Fransa, İtaliya, Vatikan, Bosniya və Herseqovina və başqa ölkələrdə humanitar və inkişaf məqsədli layihələri həyata keçirməkdə davam edir.

Baş nazirin müavini Əli Həsənov qeyd etdi ki, bu nəcib missiyanın davamı kimi, Suriyanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyən, sülhsevər ölkə olan Azərbaycanda suriyalı qaçqınların humanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə göstəriləcək maddi yardımın miqdarı dəqiqləşdirilir. Ümid edirik ki, Suriyada baş verən münaqişə tezliklə sülh yolu ilə həllini tapacaq, qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq və uzun müddət əziyyət çəkən Suriya xalqı beynəlxalq ictimaiyyətin səyləri ilə yenidən normal həyat şəraitlərinin bərpasına nail olacaq.

Konfransda ABŞ-ın, Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin, Danimarkanın, İsveçin, Türkiyənin, Almaniyanın və digər dövlətlərin təmsilçiləri çıxış edərək Suriyaya öz yardımlarını təklif etdilər.

BMT-nin baş katibi yekun nitqində konfransın nəticəsi olaraq 3,8 milyard dollar məbləğində vəsaitin toplandığını bildirdi. Bunun da ötən illə müqayisədə 1,4 milyard dollar çox olduğunu diqqətə çatdırdı. Donor ölkələr tərəfindən təqdim edilən vəsaitin Suriya qaçqınlarının həyat şəraitinin yaxşılaşması istiqamətinə yönəldiləcəyini bildirdi və minnətdarlıq etdi.

Küveytin Baş nazirinin birinci müavini və xarici işlər naziri Şeyx Xalid Əl-Əhməd Əl-Sabah toplanılan humanitar yardımların minlərlə insanın həyatını xilas edəcəyini vurğulayaraq bu məqsədlər üçün vəsait ayıran dövlətlərə təşəkkürünü bildirdi.

Bununla Suriya üzrə Üçüncü Beynəlxalq Humanitar Donorlar Konfransı işini yekunlaşdırdı.

 
növbəti xəbər əvvəlki xəbər