2016-03-03
03 mart 2016-cı il tarixində Səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, Xarici İşlər Naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla görüşdü

03 mart 2016-cı il tarixində Səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, Xarici İşlər Naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahla görüşdü, etimadnaməsinin  surətlərini ona təqdim etdi.

Görüş əsnasında Səfir Elxan Qəhrəman ikitərəfli münasibətlərin yüksək səviyyəsindən söhbət açdı, AR rəhbərliyinin Küveytlə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Küveyt Dövlətinə həyata keçirdiyi rəsmi səfərini xatırladaraq, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi və qarşılıqlı faydalı münasibətlərin inkişafına güclü təkan verdiyini qeyd etdi.

Eyni zamanda, Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində  Respublikamıza göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirdi, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğuladı.

Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, Xarici İşlər Naziri Küveyt rəhbərliyi və xalqının Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, AR Prezidenti cənab İlham Əliyevin Küveytə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd etdi. Nazir həmçinin, 2013-cü ildə, Birgə Komissiyanın II iclasının keçirilməsi məqsədilə Azərbaycana səfərindən  söhbət açaraq, ölkəmizin və səfər zamanı AR Xarici İşlər Naziri cənab Elmar Məmmədyarovla görüşünün ona xoş təəssüratlar bəxş etdiyini və həmin səfəri məmnuniyyətlə xatırladığını vurğuladı və səmimi salamlarının  azərbaycanlı həmkarına çatdırılmasını xahiş etdi.

Görüşdə Xarici İşlər Nazirinin müavini Xalid Əl-Carullah, Nazirin ofisinin müdiri  Şeyx Əhməd Əl-Nasir Əl-Sabah, Nazirin Protokol məsələləri üzrə köməkçisi Dari Əcran Əl-Əcran  iştirak etdilər.

növbəti xəbər əvvəlki xəbər