2016-04-11
Azərbaycan Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədilə Küveytin Əl-Küveyt şəhərində bir sıra görüşlər keçirib.

Səfər çərçivəsində Azərbaycanın turizm potensialının təqdimatı keçirilib və buna həsr olunan mətbuat konfransı təşkil olunub.

Təqdimatda Azərbaycanın turizm imkanları nümayiş etdirilib, sağlamlıq, ovçuluq, qış turizm növləri ilə bağlı çap məhsulları paylanılıb və reklam çarxları göstərilib.

Çıxışı zamanı Ə.Qarayev qeyd edib ki, Azərbaycan Körfəz ölkələrindən gələn turistlərin sayının artmasında maraqlıdır.

Təqdimat mərasimindən sonra azərbaycanlı naziri Küveytin informasiya naziri şeyx Salman Sabah Salem əl-Humud əl-Sabah ilə görüşüb.

Görüşdə nazir küveytli turistlər üçün Azərbaycanın turizm potensialını təbliğ etmək baxımından KİV və mədəniyyət proqramlarının rolunu qeyd edib.

Eyni zamanda Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının sədri olan şeyx Salman ölkələr arasında təcrübə mübadiləsinin, eləcə də mədəniyyət və turizm sahəsində Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin zəruriliyini vurğulayıb.

Öz növbəsində, Ə.Qarayev Azərbaycanla körfəz ölkələri arasındakı münasibətlərin dərinliyindən məmnunluğunu ifadə edib. O, Körfəz ölkələrindən gələn turistlər üçün Azərbaycanın hava məkanının açıq olduğunu vurğulayıb.

növbəti xəbər əvvəlki xəbər