2017-10-18
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə səfir Elxan Qəhrəmanın məqaləsi

Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 18 oktyabr tarixli buraxılışında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü münasibətilə səfir Elxan Qəhrəmanın geniş məqaləsi dərc edilmişdir (əlavə olunur).

Məqalədə 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi qeyd olunmuş,  1918-1920-ci illərdə cəmi 23 ay ömür sürmüş Müsəlman Şərqinin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq, Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi bildirilmişdir.

Məqalədə belə bir çətin və kəşməkəşli zamanda Azərbaycan xalqının təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtdığı və məhz onun uzaqgörən siyasəti, müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddətdə problemləri arxada qoyaraq, davamlı inkişaf mərhələsinə çıxdığı, habelə azad bazar iqtisadiyyatı əsasında ölkədə iqtisadi islahatların aparılması, investisiya, fərdi mülkiyyət, torpaq sahələrinin paylanmasına, alışı və satışna, dövlət əmlakının özəlləşdirilməsinin təşviq edilməsinə, o cümlədən kənd təsərrüfatı sahəsində geniş miqyasda islahatların aparılmasına dair müvafiq qanunların qəbul edildiyi bildirilmişdir. Ümummilli lider Heydər Əliyev tərəfindən göstərilən böyük səylər nəticəsində Azərbaycana xarici sərmayələrin cəlb edilməsi üçün əlverişli şəraitin yaradıldığı, ölkədə xarici investisiyaların qorunması və təşviqi üçün qanunverici bazanın qəbul edildiyi, habelə Azərbaycan Respublikasının beynəlxalq maliyyə mərkəzləri ilə səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğu qeyd olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti və əvəzsiz xidmətinin nəticəsi olaraq, mərkəzi hakimiyyətin gücləndiyi, çox ehtiyac duyulan xarici əlaqələrin genişləndiyi, demokratikləşmə prosesinin başlandığı, 1994-cü ilin sentyabr ayında “Əsrin müqaviləsi”nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğu, Orta Asiya, Cənubi Qafqaz və Avropa arasında iqtisadi əməkdaşlıq və ticarət əlaqələrini gücləndirmək üçün tarixi İpək yolunun bərpa olunduğu müəllif tərəfindən oxucuların diqqətinə çatdırılmışdır.

Azərbaycan Respublikasının müstəqilliyinin 14 ili ərzində Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası, YUNESKO, UNİCEF və digər tanınmış regional beynəlxalq təşkilatlar daxil olmaqla 13 beynəlxalq və regional təşkilatın üzvü olduğu qeyd olunmuşdur. Həmçinin müstəqilliyini əldə etdikdən sonra Azərbaycanda 50-dən çox siyasi partiyanın yaradıldığı, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin maraqlarına xidmət edən 30-dan çox gündəlik və həftəlik qəzetlərin nəşr edildiyi diqqətə çatdırılmışdır.

Məqalədə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən birinə, regional liderə çevrildiyi, beynəlxalq aləmdə etibarlı tərəfdaş ölkə kimi tanındığı, regional məsələlərdə mühüm rol oynadığı, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradıldığı, gömrük imtiyazları və güzəştlərin verilməsi, demokratik islahatların aparıldığı və s. bir çox məsələlər barədə məlumatlar oxucuların diqqətinə çatdırılmışdır.

Eyni zamanda məqalədə, Azərbaycan Respublikasının sülhə, demokratik sistemin inkişafına, azad bazar iqtisadiyyatına və vətəndaş cəmiyyəti dövlətinin yaradılmasına yönəlmiş bir siyasət yürütdüyü qeyd olunaraq, beynəlxalq hüququn, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsiplərinə əsaslanıb beynəlxalq münaqişələrin sülh yolu ilə həll olunmasına sadiq olduğunu dəfələrlə təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həll edilməsi istiqamətində böyük səylər göstərdiyi diqqətə çatdırılmışdır.

Azərbaycanın islam dövləti, islam və ərəb ölkələri ilə tarixən dini və mədəni köklərlə bağlı olduğu, orta əsrlərdə Azərbaycan xalqının İslam mədəniyyətinin inkişafına təsir etdiyi, uzun müddətdir ki islam dünyasından təcrid olunmuş Azərbaycanın müstəqillik qazanandan sonra öz tarixi köklərini bərpa etməyə və islam dünyası ilə əlaqələrini inkişaf etdirilməsi istiqamətində səylər göstərdiyi bildirilmişdir.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Küveyt arasında sıx və güclü münasibətlərin qurulduğu və hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməyə başladığı qeyd olunaraq, bu müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər müxtəlif sahələrdə əlaqələrin gücləndiyi, Küveyt şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayə yatırdığı, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı Küveyt Dövlətinin Azərbaycan tərəfinin dəstəklənməsi məsələsində mühüm rol oynadığı, Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkün və qaçqına Küveyt tərəfindən humanitar yardımın göstərildiyi, o cümlədən erməni təcavüzünü pisləyən beynəlxalq təşkilat və qurumlar tərəfindən verilən bütün qətnamələrin Küveyt tərəfindən dəstəkləndiyi oxucuların diqqətinə çatdırılmışdır.

Al-Nahar

 

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=768891&searchText=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86&date=18102017

növbəti xəbər əvvəlki xəbər