2018-01-19
20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə anım mərasimi

Xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə cari ilin 21 yanvar tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin iştirakı ilə anım mərasimi keçirilmişdir.

Mərasimdə Səfir Elxan Qəhrəman çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə M.Qorbaçovun birbaşa göstərişinə əsasən keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzünün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğu, milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdiyi bərədə mərasim iştirakçılarına məlumat vermiş, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyini qeyd etmişdir. Eyni zamanda, Azərbaycanın həmin dövrdə Ermənistanın təcavüzünə də məruz qaldığı bildirilərək, belə bir şəraitdə sovet rəhbərliyinin nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görmədiyi, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə xüsusi təlim keçmiş erməni əsgər və zabitlərin, eləcə də sovet hərbi hissələrində xidmət edən ermənilərin, hətta erməni kursantların da daxil edildiyi diqqətə çatdırılmışdır.

Bu qanlı hadisənin ertəsi günü Ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verməsi, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu öndərin səyləri nəticəsində 20 yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusilə vurğulanmışdır. Eyni zamanda, hazırda Prezident cənab İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə böyük hörmət və ehtiramla yanaşıldığı, ailələrinə xüsusi diqqət və qayğı göstərildiyi diqqətə çatdırılmışdır.

Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar 1990-cı il faciəsinə həsr edilmiş foto-sərgi təşkil olunmuş, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilmişdir. Eyni zamanda, Səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

Küveytin “Əl-Cəridə” qəzetinin 16 yanvar tarixli buraxılışında “Azərbaycanın Küveytdəki Səfirliyi 20 yanvar faciəsinin 28-ci ildönümünü qeyd edir” və "Əl-Nahar" qəzetinin 19 yanvar tarxli buraxılışında “ Azərbaycan səfirliyi sovet təcavüzü nəticəsində 1990-cı ildə həlak olmuş şəhidlərin xatirəsini andı” başlıqları altında məqalələr dərc edilmişdir. Məqalələrdə, 1990-cı ilin yanvar ayının 20-də keçmiş Sovet İttifaqının əsgərləri və qüvvələri tərəfindən doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış Azərbaycan xalqına qarşı insanlıq əleyhinə qatı cinayətin törədildiyi, bu faciənin törədilməsilə beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu, Bakı şəhərində xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklər nəticəsində 137 nəfərin öldürüldüyü, 700 nəfərdən çox insanın yaralandığı, 200 mənzilin dağıdılıb və yandırıldığı, 800 nəfərdən çox insanın qanunsuz həbs edildiyi, Azərbaycan xalqına qarşı törədilən 20 Yanvar facisəində şəhid olanların xatirəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağı, qeyd olunmuşdur. Həmçinin məqalələrdə 1988-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinin Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağı Ermənistan Respublikasının tərkibinə daxil edilməsi istiqamətində ciddi cəhdlər göstərdikləri, nəticədə Sovet rejiminin rəhbərliyinin dəstəyi ilə Dağlıq Qarabağ daxil olmaqla Azərbaycanın 20% torpaqlarının Ermənistan Respublikası tərəfindən işğal olunduğu barədə məlumatlar yer almışdır.

Əl-Nahar

http://www.annaharkw.com/Annahar/Article.aspx?id=781227&searchText=%D8%A3%D8%B0%D8%B1%D8%A8%D9%8A%D8%AC%D8%A7%D9%86&date=19012018

Əl-Cəridə

http://www.aljarida.com/articles/1516105518078375600/

növbəti xəbər əvvəlki xəbər