2018-04-03
Səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, Müdafiə naziri Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah ilə görüşmüşdür.

01 aprel 2018-ci il tarixində səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Baş nazirinin birinci müavini, Müdafiə naziri Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah ilə görüşmüşdür.

Görüşün əvvəlində Səfir Şeyx Naseri yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, şərəfli işində ona müvəffəqiyyətlər arzu etdi.

Azərbaycan Respublikası rəhbərliyinin Küveytlə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edən E. Qəhrəman ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını bildirdi. Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, iki ölkə arasında iqtisadi-ticarət, müdafiə, investisiya qoyuluşu, mədəniyyət və turizm və bir sıra digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu bildirdi. Əlaqələrin inkişafı istiqamətində gələcək illər ərzində daha intensiv şəkildə fəaliyyətin aparılmasının zəruri olduğunu vurğulayaraq, əməkdaşlıq əlaqələrinin bütün sahələrdə genişlənəcəyi və inkişaf edəcəyinə, ticarət dövriyyəsi və səfər mübadilələrinin artacağına ümidvar olduğunu diqqətə çatdırdı.

Ümummilli lider tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmə inteqrasiyasından, Dağlıq Qarabağ problemindən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün  Respublikamızda mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətləri barədə də müsahibinə ətraflı məlumat verdi. İki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra Küveytdən Azərbaycana 17000 turistin səfər etdiyi, birbaşa aviareyslərin həftədə 6 dəfə həyata keçirildiyi, 2016-cı il tarixindən etibarən Küveyt vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanıldığı, həmçinin Küveyt vətəndaşlarının elektron “ASAN Viza” sistemi vasitəsilə qısa bir müddətdə viza almaq imkanında olduqları barədə məlumat verdi. Eyni zamanda, Azərbaycan vətəndaşlarına  da elektron vizaların verilməsi imkanlarına baxılmasını xahiş edərək, məsələnin müsbət həllinin ikitərəfli münasibətlərin inkişaf tempinə töhfə olacağı barədə fikrini ifadə etdi.

Görüş zamanı İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir, ölkəmizin taleyüklü problemi olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə  əlaqədar Küveyt Dövlətinin  Respublikamıza  göstərdiyi siyasi dəstəyə görə ölkə rəhbərliyinə və xalqına minnətdarlığını bildirdi.

Şeyx Naser Sabah Əl-Əhməd Əl-Sabah Küveyt rəhbərliyi və xalqının Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, AR Prezidenti cənab İlham Əliyevin və Küveyt Əmiri Şeyx Sabah Əl-Əhmədin qarşılıqlı səmimi münasibətlərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd etdi. Azərbaycana, ölkə rəhbərliyinə və xalqımıza bəslədiyi səmimi ehtiram hisslərini ifadə etdi. AR-lə əlaqələrin bundan sonra da inkişafına öz tərəfindən  yardım etməyə hazır olduğunu bildirdi. Azərbaycan ilə bütün sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişaf etməsində maraqlı olduqlarını bildirərək,  əməkdaşlıq əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsi zərurətini diqqətə çatdırdı.  Hər iki tərəfin ekspertlər və yüksək rütbəli məmurlarının, habelə nazirlər səviyyəsində görüşlərin təşkil edilməsinin də zəruriliyini bildirdi.

Azərbaycan rəhbərliyinin Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rəsmiləşdirilməsi qərarını yüksək qiymətləndirildiyini bildirərək, bu addımın, həmçinin iki ölkə arasında birbaşa hava xəttinin açılmasının mövcud əlaqələrin inkişaf tempinə, o cümlədən siyasi, iqtisadi, ticarət, ictimai, humanitar və digər mühüm sahələrin möhkəmlənməsinə müsbət təsir göstərdiyini vurğuladı.  Təhlükəsizlik, mental uyğunluq, qədim tarix, gözəl təbiət, zəngin mədəniyyət və ləziz mətbəx baxımından küveytlilər üçün olduqca  cazibədar olan Azərbaycana səfər edənlərin sayında artımın olmasını sevindirici bir hal kimi qeyd etdi. Azərbaycan vətəndaşlarına  da elektron vizaların verilməsi fikrini müsbət dəyərləndirdi və məsələyə baxılması məqsədilə müvafiq göstəriş verəcəyini bildirdi.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

növbəti xəbər əvvəlki xəbər