2018-04-30
Küveyt Universitetində Sosial Elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi

2018-ci ilin 25 aprel tarixində Küveyt Dövlətinin ən nüfuzlu ali məktəblərindən biri olan Küveyt Universitetində sözügedən Universitetin Sosial Elmlər fakültəsinin təşkilatçılığı ilə “Global Village” adlı sərgi keçirilmişdir. 10-dan çox səfirliyin iştirak etdiyi bu sərgiyə səfirliyimiz də qatılmışdır.

Sərgidə iştirak edən səfirliklərə ölkələri haqqında materialların (kitab, buklet, broşür, bədii və sənədli filmlər, aksesuarlar, suvenirlər, milli geyimlər, milli mətbəxin yeməkləri və s.) təqdim edilməsi üçün masa və stendlər ayrılmışdır.

Ölkəmiz üçün ayrılmış masa və stenddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq Cümhuriyyətin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də Respublikamızın, mədəniyyəti, turizm imkanlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə suvenir, milli geyimlər, Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırılmış, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, barədə sənədli film, həmçinin “Azərbaycanın interaktiv turizm xəritəsi 2018”  nümayiş etdirilmişdir.

Bundan əlavə sərgidə Universitet tələbələrinə və qonaqlara, səfirliyin əməkdaşları və “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri tərəfindən kitab, broşür və s. materiallar paylanılmış, eyni zamanda milli mətbəximizin yeməkləri təqdim edilmiş və tələbələri maraqlandıran suallar cavablandırılmışdır .

Sərgi zamanı Küveyt Universitetinin kitabxanasına yerləşdirilməsi üçün Universitetin sosial elmlər fakültəsinin əməkdaşlarına ölkəmiz haqqında kitablar təqdim olunmuşdur.

Universitetin Sosial Elmlər Fakültəsinin dekanı Hamud Əl-Qaşan iştirakçı səfirliklərin masa və stendləri ilə tanış olmuş və əməkdaşlarına təşəkkür məktubu və xatirə hədiyyələrini təqdim etmişdir.

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

 

növbəti xəbər əvvəlki xəbər