2018-05-21
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konserti

13 may tarixində Küveyt Dövlətinin “Əbdulhüseyn Əbdülrıda” teatrında Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə, Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın, “Küveyt-Azeri Est.” və “Wataniya Airways” şirkərlərinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilmişdir. Konsertdə Küveytin dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, burada akkreditə olunmuş diplomatik və beynəlxalq  nümayəndəliklərin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin üzvləri, Səfirliyin əməkdaşları və ailə üzvləri, Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi və şuranın əməkdaşları iştirak etmişlər.

Daha sonra Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman çıxış edərək, ilk növbədə sözügedən konsertin təşkilində göstərdiyi köməyə görə Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi Əli Əl-Yuhaya və şuranın əməkdaşlarına, “Küveyt-Azeri Est.” və “Wataniya Airways” şirkərlərinin rəhbər heyətinə, o cümlədən "Bakı Kamera Orkestrinin bədii rəhbəri, SSRİ və Azərbaycan xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə dəvəti qəbul edib Orkestrin konsertinin qardaş Küveyt Dövlətində keçirilməsinə razılıq verdiyi üçün öz təşəkkürünü bildirmişdir. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm Azərbaycan, həm də bölgə üçün əhəmiyyəti, respublikanın qısa müddət ərzində qazandığı nailiyyətləri, beynəlxalq miqyasda tanınması istiqamətində apardığı mübarizəsi, habelə Azərbaycan xalqının 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratdığı barədə iştirakçılara məlumat vermişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdiyini və İl ərzində həm ölkəmizdə, həm də xaricdə bununla əlaqədar bir çox tədbirlərlərin keçiriləcəyini bildirmişdir.

Orkestrin ifasında  Azərbaycan Respublikası və Küveyt Dövlətinin Himnləri səsləndirilmişdir. Konsert proqramında Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Toqfiq Quliyev, Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, habelə tanınmış Qərb bəstəkarlarının əsərləri ifa olunmuşdur. Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində Xalq artisti, pianoçu, professor Yeganə Axundova, Xalq artisti Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, Gənc ifaçılar - Beynəlxalq Müsabiqələr Laureatları – Mahir Tağızadə, Ümidə Abbasova, Aytən İbrahimova, Fuad Əlizadə, Respublika müsabiqələr laureatı Orxan Cəlilov və Muğam Televiziya Müsabiqəsinin qalibi Sədəf Budaqova iştirak etmişlər.

Konsertdə xalq artisti Mənsum İbrahimov tərəfindən əməkdar artistlər - tarda Elçin Həşimov, kamançada Elnur Əhmədovun müşaiyəti ilə xalq və bəstəkar mahnıları səsləndirilmişdir. Konsert tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

növbəti xəbər əvvəlki xəbər