2018-10-17
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub

Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Cəridə” qəzetinin 17 oktyabr tarixli buraxılışında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü ilə bağlı məqalə dərc edilib.

Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Məqalədə 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin yenidən bərpa edildiyi bildirilir. Sovet İttifaqının dağılması ilə öz müstəqilliyini bərpa edən Azərbaycan ilə Küveyt arasında sıx və güclü münasibətlərin qurulduğu və hər iki ölkədə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməyə başladığı, bu müddət ərzində iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəniyyət və digər müxtəlif sahələrdə əlaqələrin gücləndiyi, Küveyt şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə sərmayə yatırdığı qeyd olunub.

Yazıda, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyinin dəstəklənməsi məsələsində Küveyt Dövlətinin mühüm rol oynadığı bildirilir. Ermənistanın işğalı nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkün və qaçqına Küveyt tərəfindən humanitar yardımın göstərildiyi, o cümlədən beynəlxalq təşkilatların erməni təcavüzünü pisləyən bütün qətnamələrinin Küveyt tərəfindən dəstəkləndiyi diqqətə çatdırılır.

 

https://azertag.az/xeber/1205353

 

növbəti xəbər əvvəlki xəbər