2018-12-01
Aslan Aslanov: FANA-nın qlobal miqyasda müsbət təsiri KUNA agentliyinin bu təşkilata sədrliyinin uğurudur

Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) qlobal miqyasda müsbət təsiri Küveyt Xəbərlər Agentliyinin (KUNA) bu təşkilata sədrliyinin ən mühüm uğurudur.

Bu fikri FANA-nın 46-cı Baş Assambleyasında iştirak etmək üçün Küveytdə səfərdə olan AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Aslan Aslanov KUNA agentliyinə müsahibəsində deyib. O bildirib ki, FANA-nın sədri və KUNA-nın Baş direktoru Şeyx Mübarək Duaic İbrahim əl-Sabah ərəb və beynəlxalq xəbər agentliklərinə böyük dəstək verir.

Aslan Aslanov vurğulayıb ki, o, OANA-nın prezidenti olaraq şəffaf və qərəzsiz xəbərlər yayılmasının təmin edilməsində FANA və KUNA ilə əməkdaşlıq etməyə hazırdır. Müasir dövrdə ənənəvi medianın üzləşdiyi problemlərdən danışan AZƏRTAC-ın İdarə Heyətinin sədri deyib ki, bəzi KİV-lərdə və sosial şəbəkələrdə qeyri-dəqiq, yalan xəbərlər yayılması ciddi narahatlıq doğurur.

Qeyd edək ki, FANA 1975-ci ildə yaradılıb. Mərkəzi qərargahı Livanda yerləşən bu təşkilat öz sıralarında 18 ərəb xəbər agentliyini birləşdirir. Ərəb Liqasının nəzdində fəaliyyət göstərən FANA-nın məqsədi media qurumlarının əməkdaşlığının gücləndirilməsi və üzv agentliklər arasında təcrübə mübadiləsinin genişləndirilməsidir.

Şeyx Mübarək Duaic İbrahim əl-Sabah 2015-ci ildən FANA-ya sədrlik edir.

https://azertag.az/xeber/1220208

növbəti xəbər əvvəlki xəbər