2019-02-19
Küveyt qəzetlərində Xocalı soyqırımı barədə məqalələr dərc olunub

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Vatan” qəzetində “Azərbaycan səfirliyi Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir”, “Əl-Nahar” qəzetində “Xocalı soyqırımı ermənilərin yalnız Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı törətdiyi cinayətdir” adlı məqalələr, eləcə də “Dasmannews” elektron qəzetində səfirin müsahibə və məqalələri dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, yazılarda XX əsr Azərbaycan tarixində ən ağır faciələrdən biri olan Xocalı soyqırımının 26-cı ildönümünün qeyd olunduğu bildirilir. Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 26-da keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini zəbt etdiyi və orada xalqımıza qarşı soyqırımı törədildiyi diqqətə çatdırılır. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri bu kütləvi qırğın zamanı 613 nəfərin, o cümlədən 63 uşağın, 106 qadının və 70 qocanın qətlə yetirildiyi, 1275 dinc sakinin əsir götürüldüyü, 150 nəfərin taleyinin hələ də məlum olmadığı, 70 ailənin tamamilə yox edildiyi, 25 uşağın hər iki valideyninin, 130 uşağın valideynlərindən birinin öldürüldüyü, 76-sı uşaq olmaqla 487 nəfərin yaralandığı qeyd edilib. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının İndoneziyada keçirilən iclasında Xocalı soyqırımının tanındığı bildirilir. Həmçinin dost Küveyt Dövlətinin Ermənistanın işğalçılıq siyasətini daim pislədiyi, bunun Azərbaycan xalqı tərəfindən qardaşlıq dəstəyi kimi qiymətləndirildiyi vurğulanır.

Məqalədə ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi sayəsində Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymətin verildiyi qeyd edilir. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin zəruri olduğunu vurğuladığı, habelə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlərin reallaşdırıldığı diqqətə çatdırılır.

https://azertag.az/xeber/1248369

növbəti xəbər əvvəlki xəbər