2019-03-11
Küveyt Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xalid Əl-Uteybinin rəhbərlik etdiyi Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir Elmar Məmmədyarov ikitərəfli siyasi münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və iqtisadi əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın iclasının tezliklə keçirilməsinin zəruriliyini vurğulayıb. Azərbaycanın Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq etdiyini bildirən nazir iki ölkə arasında birbaşa hava əlaqəsinin mövcudluğunun turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana səfərdən məmnunluğunu bildirən Xalid Əl-Uteybi ikitərəfli münasibətlərin qədim tarixə əsaslandığını söyləyərək, ticarət əlaqələrinin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Küveytin Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini xüsusi vurğulayıb.

Münaqişə ilə bağlı Küveytin ədalətli mövqeyinə və dəstəyinə görə təşəkkürünü ifadə edən nazir Elmar Məmmədyarov müstəqilliyimizin ilk illərində azərbaycanlı qaçqın və məcburi köçkünlərə Küveytin humanitar yardımını yüksək qiymətləndirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

https://azertag.az/xeber/1257018

növbəti xəbər əvvəlki xəbər