2019-05-09
Küveyt qəzetləri ulu öndər Heydər Əliyev haqqında yazır

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik “Əl-Cəridə” qəzetində “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilir” sərlövhəli məqalə, “Al-Dasman news” elektron qəzetində Ulu Öndərin anadan olmasının ildönümü münasibətilə səfirliyin press-relizi və “Əl-Vasat” qəzetində “Azərbaycan səfirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü qeyd edir” adlı məqalələr dərc edilib. Bu barədə AZƏRTAC-a Azərbaycanın Küveytdəki səfirliyindən məlumat verilib.

Məqalələrdə Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, SSRİ süquta uğradıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxararaq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələri sırasına daxil etməsi, Azərbaycanın ərəb və İslam ölkələri ilə əlaqələrinin qurulması, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilir. Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurlar, dövlət quruculuğu sahəsində Heydər Əliyevin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında geniş məlumat verilir.

Məqalələrdə Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adı ilə bağlı olduğu, Ümummilli Liderin SSRİ rəhbərliyində yüksək vəzifədə çalışdığı ərəfədə, həmçinin istər sovet Azərbaycanına, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi uzun müddətdə hər zaman öz ana Vətəninin və xalqının ən ağır günlərində onun yanında olduğu vurğulanır.

Həmçinin Ulu Öndərin xatirəsinə Heydər Əliyev Fondunun yaradıldığı və Fondun prezidentinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyeva olduğu bildirilir. Fondun Mehriban xanımın rəhbərliyi ilə Azərbaycanın tərəqqisi və xalqın rifahı naminə genişmiqyaslı proqram və layihələrin reallaşmasında, Azərbaycan mədəniyyətinin geniş təbliğində, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərdə, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması istiqamətində tədbirlərin həyata keçirilməsində, habelə təhsil, səhiyyə, mədəniyyət, və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etdiyi, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verdiyi qeyd olunur.

https://azertag.az/xeber/1280494

 

növbəti xəbər əvvəlki xəbər