2019-05-13
Küveyt KİV-ləri Şuşanın işğalından bəhs edən məqalələr yayıb

Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 27-ci ildönümü ilə bağlı məlumatların Küveytin geniş auditoriyaya malik kütləvi informasiya vasitələrində dərc olunması məqsədilə Azərbaycan Respublikasının Küveytdəki səfirliyi tərəfindən bir sıra aparıcı KİV-lərinin nümayəndələri ilə görüşlər keçirilib. Qarşı tərəfə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı ətraflı məlumat verilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.

Səfirliyin səylərinin nəticəsi olaraq Küveyt geniş oxucu kütləsinə malik "Əl-Nahar" elektron qəzetində "Azərbaycan Şuşa şəhərinin işğalının 27-ci ildönümünü anır", “dasmannews.com” elektron qəzetində “Şuşa şəhərinin işğalı... 27-ci ildönümü” adlı məqalələr dərc edilib. Bundan başqa, "Əl-Cəridə" elektron qəzetində də Şuşa ilə bağlı məqalə dərc olunub.

Məqalədə Azərbaycanın Şuşa şəhərinin 1992-ci il mayın 8-də erməni qəsbkarları tərəfindən işğal olunduğu və bunun məhz Dağlıq Qarabağın zəbt edilməsi məqsədilə həyata keçirilən birbaşa təcavüz olduğu bildirilir. Həmin cinayətkar əməlin bütün Azərbaycan əhalisinin Şuşa şəhərindən çıxarılması və etnik təmizləmə siyasəti ilə nəticələndiyi bildirilir.

Məqalələrdə Şuşanın tarixi haqqında da ətraflı məlumat verilir.

Yazılarda Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu və 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi, habelə 877-yə yaxın şəhər və kəndin dağıdıldığı qeyd olunur. Məsələ ilə əlaqədar BMT TŞ tərəfindən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edən çoxsaylı qətnamələr qəbul edildiyi vurğulanır.

Məqalədə Azərbaycanın maddi mədəniyyət abidələrinin, muzeylərinin, məscidlərinin, nadir əlyazmalarının və təhsil ocaqlarının ermənilər tərəfindən məhv edildiyi barədə məlumat verilir və ərəb ölkələrinin bu həqiqətlərə biganə qalmamasının, islami dəyərlərin qorunmasına diqqət yetirməsinin vacibliyi vurğulanır.

https://azertag.az/xeber/1280516

 

növbəti xəbər əvvəlki xəbər