2019-11-26
24 noyabr 2019-cu il tarixində Küveytin “Marina” mehmanxanasının “Salva Sabah Əl-Əhməd” konfrans və ziyafətlər zalında Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik əlaqələrin qurulmasının 25-ci və Azərbaycan dipomatik xidmət orqanlarının yaradılmasının 100-cü illiyinə həsr olunmuş təntənəli rəsmi ziyafət təşkil edilmişdir.

Tədbirin açılışında Küveyt Dövlətinin və Azərbaycan Respublikasının milli himnlərinin səsləndirilməsindən sonra Azərbaycan Republikasının Küveyt Dövlətindəki səfiri E.Qəhrəman çıxış etmişdir.

Səfir çıxışında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunması ilə əlaqədar bu ilin iki ölkə arasında əlamətdar və fəxrli bir il olduğunu qeyd etmişdir.

İki ölkə arasında dərin tarixi, dini və mədəni bağların olduğunu vurğulayan Səfir, müxtəlif sahələrdə əlaqələrimizin inkişaf etdirilməsi üçün qaşılıqlı istəyin mövcud olduğunu açıqlamışdır.

O, hazırda paytaxtlarımız arasında 3 aviaşirkət tərəfindən həftədə 7 dəfə uçuşun həyata keçirildiyini və Küveyt vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiq olunduğunu bildirmişdir.  

Səfir eyni zamanda, iki ölkə arasında son illərdəki qarşılıqlı səfərlər, turizm sahəsində əlaqələr, 2017-ci ildən etibarən Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq birbaşa aviareyslərin həyata keçirilməsinə başlandıqdan sonra 20000-dən çox  küveytli turistin Azərbaycana səfər etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

2019-cu ilin ikitərəfli səfərlər baxımından zəngin olduğunu bildirən səfir E.Qəhrəman 2019-cu ilin mart ayında Küveyt Parlamentinin Dostluq Qrupunun və 2019-cu ilin oktyabr ayının sonlarında isə keçmiş Baş nazirin müavini və xarici işlər naziri (hazırki Baş nazir) Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahın başçılığı ilə nümayəndə heyətinin Bakı şəhərinə səfərlərini xatırladaraq qeyd etmişdir ki, bu kimi səfərlər əlaqələrimizin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Səfir həmçinin Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabahı yeni Baş nazir vəzifəsinə təyin olunması münasibətilə Azərbaycan Respublikasının hökuməti adından təbrik etmiş və ona işlərində uğurlar arzulayaraq ikitərəfli əlaqələrimizin daha da zənginləşdirilməsinə öz təhfələrini verəcəyinə inamını ifadə etmişdir. 

Daha sonra Küveytin Xarici İşlər nazirinin də qatıldığı Qoşulmama Hərəkatının Bakı şəhərində leçirilmiş Zirvə Toplantısı haqqında nəlumat verərək bildirmişdir ki, bu Zirvə Toplantısında Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan Respublikasının 20 % torpaqlarını işğal etməsi faktı bir daha dünyanın 120 dövləti tərəfindən təsdiq edilmiş oldu. Səfir eyni zamanda vurğulamışdır ki, Ermənistanın işağl siyasətini davam etdirməsi separatizm və terrorizmin beynəlxalq səviyyədə dəsəklənməsi baxımından ciddi mənfi nəticələr doğura bilər.

Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk vaxtlardan Küveyt Dövlətinin Azərbaycan Respublikasına göstərdiyi yardım və dəstəyə görə Azərbaycan Hökumətinin səmimi minnətdarlığını çatdıraraq, Küveyt xalqına və dövlətinə əbədi sülh, davamlı inkişaf və çiçəklənmə arzulamışdır.

Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyi məsələsinə toxunan səfir E.Qəhrəman 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yarandığı tarixi şərait, diplomatik fəaliyyəti və süqutu səbəbləri barədə ziyafət iştirakçılarına məlumat vermişdir.         

O, həmçinin Azərbaycanın 1991-ci ildə yenidən müstəqillik əldə etməsindən sonra əldə edilmiş uğurları, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin misilsiz xidmətləri və onun yaratdığı məktəbin etibarlı davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasət, ölkə rəhbərliyi  tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan iqtisadi islahatlar haqqında danışmışdır.

Tədbirin keçirildiyi zalda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, dövlət quruculuğu, dövlət rəmzləri, həmçinin foto və videomateriallar, eləcə də Respublikamızın, mədəniyyəti, turizm imkanlarını, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini və s. sahələri özündə əks etdirən kitab, buklet, broşür, habelə Azərbaycanın ən məşhur yerlərini, təbiətini və gözəlliyini əks etdirən fotostendlər quraşdırıldı, eyni zamanda böyük ekranda ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, səfalı turizm güşələri barədə sənədli film nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi tərəfindən keçirilən rəsmi ziyafətdə əsas qonaq qismində Küveyt Dövlətinin Baş nazirin müavini və xarici işlər nazirinin  Avropa məsələləri üzrə köməkçisinin müavini Məhəmməd Hayati, həmçinin Küveyt parlamentinin deputatları, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik və beynəlxalq  nümayəndəliklərin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin və aparıcı kütləvi-informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının nümayəndələri iştirak etmişlər.

Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar”, “Əl-Ənbə”, “Əl-Ray” qəzetlərinin 26 noyabr 2019-cu il tarixli buraxılışlarında “Küveytlə Azərbaycan arasında həftədə yeddi dəfə uçuş həyata keçirilir”,  “Küveyt və Azərbaycan arasında tarixi və dini əlaqələr, “Küveytin göstərdiyi dəstəyə görə çox minnətdarıq”, başlıqlı məqalələr dərc edilmiş və ingilis dilində yayımlanan “Kuveyt2” televiziya kanalı tərəfindən reportaj hazırlanmışdır.  

 

növbəti xəbər əvvəlki xəbər