2015-05-10
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər

Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi tərəfindən xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.  Belə ki, 2015-ci ilin 10 may tarixində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Küveytin siyasi, ictimai xadimlərinin, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin iştirakı ilə ulu öndərin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir.

Anım mərasimində Səfir Tural Rzayev çıxış edərək,  ulu öndərin keşməkeşli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən söz açmış və müasir Azərbaycanın da Heydər Əliyevin şah əsəri olduğunu vurğulamışdır. Azərbaycanda iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Azərbaycan xalqının lideri Heydər Əliyevin adıyla bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmış və bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bu siyasi kursu layiqincə davam etdirdiyini bildirmişdir.  

Bununla yanaşı, Səfirlikdə Ulu öndərin xatirəsinə həsr olunmuş fotosərgi və həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilmişdir. Daha sonra isə tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə tamaşa etmişdirlər.

Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Küveytin nüfuzlu və böyük oxucu kütləsinə malik “Əl-Ənbə”, “Əl-Nahar” və “Əl-Sabah” qəzetlərinin 10 may 2015-ci il tarixli nəşrlərində ulu öndərə həsr olunmuş məqalələr çap olunmuşdur.

Məqalələrdə ulu öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri, SSRİ dağıldıqdan sonra Azərbaycanı çətin iqtisadi-siyasi böhrandan məharətlə çıxardaraq regionun, hətta dünyanın ən dinamik inkişaf edən ölkələr sırasına daxil etməsi, Azərbaycanda demokratik islahatları həyata keçirərək xalqın maddi rifah səviyyəsinin artması sahəsində gördüyü misilsiz işlərdən bəhs edilmişdir. Məqalələrdə həmçinin, ölkəmizin sosial - iqtisadi inkişafında Heydər Əliyev mühüm rolu vurğulanmaqla yanaşı, Sovet İttifaqı Siyasi bürosunda yeganə müsəlman lider olan Ulu öndərin Ərəb və İslam dünyasının dostu kimi, Ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olması barədə oxuculara ətraflı məlumat verilmişdir.

Göstərilənlərlə yanaşı, Küveyt gəncləri arasında geniş istifadə olunan sosial şəbəkələrdə (Facebook, Twitter, Instagram) Ulu öndərin həyat və fəaliyyətinə dair məlumatlar yerləşdirilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt şəhəri

 

 
növbəti xəbər əvvəlki xəbər