2015-06-28
Bakı-2015” I Avropa Oyunları

Azərbaycan Respublikasının beynəlxalq arenada xüsusi çəkisini bir daha vurğulayan “Bakı-2015” I Avropa Oyunları Küveyt mətbuatında da geniş şəkildə işıqlandırılmışdır.

Belə ki, Küveytin geniş oxucu kütləsinə malik, yüksəktirajlı gündəlik     “Əl-Ray”, “Əl-Ənbə”, “Əl-Qabas”, “Əl-Nahar” qəzetləri Avropa qitəsi və İslam ölkələri sırasında bir ilkə imza atmış Azərbaycanın Avropa oyunlarına hazırlıq mərhələləri, yarışlar üçün yeni inşa edilmiş Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi və Bakı Atıcılıq Mərkəzi, 68000 nəfərlik tamaşaçı tutumuna malik, atletika yarışları, eləcə də oyunların açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionu barədə oxucularına məlumat vermiş, “Bakı-2015”-in bir çox ölkələrin dövlət və hökumət başçılarının, yüksək dövlət rəsmilərinin iştirak etdikləri heyrətamiz açılış mərasiminin beynəlxalq idman aləmində yeni standartlar təyin etdiyini bildirmişlər.

Qəzet materiallarında “Bakı-2015” I Avropa Oyunlarının bütün qitə üçün çoxsaylı idman yarışlarını özündə birləşdirən ilk böyük idman tədbiri olduğu qeyd edilmiş, oyunlar 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilməklə,  17 yarış gününü əhatə edəcəyi, yarışlarda 6000-dən artıq idmançının iştirak etdiyi barədə məlumat verilmişdir.

Qəzetlərdə həmçinin, I Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün 11-13 iyun tarixlərində ölkəmizdə səfərdə olmuş Küveyt Dövlətinin İnformasiya naziri, Gənclərlə iş üzrə Dövlət naziri, hakim Əl-Sabah ailəsinin ən nüfuzlu nümayəndələrindən biri olan Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın da Azərbaycan haqqında müsahibələri dərc olunmuşdur. Müsahibələrdə Küveyt rəsmisinin ölkəmizin beynəlxalq nüfuzu, siyasi, iqtisadi, sosial, idman və digər mühüm sahələrdə əldə etdiyi nailiyyətlər, həmçinin iki ölkə arasında münasibətlərin səviyyəsi yüksək qiymətləndirilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt

növbəti xəbər əvvəlki xəbər