2016-01-20
20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə silsilə tədbirlər

Xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 26-cı ildönümü münasibətilə 19 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində Küveytdə yaşayan və işləyən, təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri və yerli kütləvi informasiya vasitələrinin və “Əl-Kut” televiziya kanalının əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilmişdir.

Mərasimdə müvəqqəti işlər vəkili Cavid Musayev çıxış etmişdir. Çıxışda mərasim iştirakçılarına 20 Yanvar faciəsinin tarixi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normaları kobudcasına pozularaq, M.Qorbaçovun birbaşa göstərişinə əsasən, sovet ordusu hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonuna yeridilməsi, nəticədə millətçi ermənilərin Respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat verilmiş, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunmuşdur. Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu öndərin səyləri nəticəsində 20 yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusilə vurğulanmışdır.

Eyni zamanda tədbirdə  “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edərək, 26 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı Sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışmış, qeyd etmişdir ki, 100 İllər ötsə də, 20 Yanvar şəhidlərinin xatirəsi hər zaman Azərbaycan xalqı tərəfindən xatırlanacaq, onların öz ölümləri ilə yaratdıqları qəhrəmanlıq nümunələri yeni nəsillərə çatdırılacaqdır.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar 1990-cı il faciəsinə həsr edilmiş foto-sərgi təşkil olunmuş, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilmişdir.

Küveytin “ƏL-Kut” televiziya kanalının xəbər buraxılışlarında 20 Yanvar faciəsinə həsr edilmiş filmdən hissələr nümayiş etdirilmiş və ətraflı məlumat televiziya tamaşaçıların diqqətinə çatdırılmışdır. Süjet kanalın Youtube portalında da yerləşdirilmişdir. https://www.youtube.com/watch?v=jb5PZVoaCjw

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb, çoxaldılmış “20 Yanvar” foto-albomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

 

növbəti xəbər əvvəlki xəbər