2016-02-24
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar tədbir

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, faciənin ildönümü ərəfəsində səfirliyimizin təşəbbüsü ilə Küveytin məscidlərində, öncəki illərdə olduğu kimi bu il də cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılmış, onlara Allahdan rəhmət dilənmişdir.

Fevralın 24-də Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin akt zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Türkiyənin icma üzvlərinin, o cümlədən Türkiyə Respublikasının Küveyt Dövlətindəki səfirliyinin nəzdində fəaliyyət göstərən orta məktəbin müəllim kollektivinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin, Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrinin, həmçinin yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilmişdir.

Anım mərasimində Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edərək 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açmışdır. Həmçinin,  ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Eyni zamanda tədbirdə  “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edərək, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat vermişdir. 

Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa etmiş, Səfirlikdə təşkil olunmuş fotostendlə tanış olmuşdurlar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur.

Göstərilənlərlə yanaşı, səfirlik tərəfindən ərəb və ingilis dilində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş xüsusi bülleten hazırlanaraq,  Küveyt Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir.

növbəti xəbər əvvəlki xəbər