2020-01-21

2020-ci ilin yanvar ayının 20-də Küveyt şəhərində “Marina” mehmanxanasında 20 Yanvar – Matəm və Qəhrəmanlıq Günü”nün 30 illiyi münasibətilə tədbir keçirilmişdir.

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə 2020-ci ilin yanvar ayının 20-də Küveyt şəhərində “Marina” mehmanxanasında 20 Yanvar – Matəm və Qəhrəmanlıq Günü”nün 30 illiyi münasibətilə tədbir keçirilmişdir.

20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Səfir Elxan Qəhrəman Azərbaycan xalqının tarixində Matəm və Qəhrəmanlıq günü kimi daxil olmuş 20 Yanvar hadisələri ilə bağlı çıxış etmişdir.

Səfir çıxışında bildirmişdir ki, “ötən əsrin sonlarında SSRİ-nin süqutu dövründə, erməni millətçiləri Azərbaycana qarşı növbəti ərazi iddialarını qaldıraraq, Azərbaycanın tərkibində muxtar bir ərazisi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etməyə başladılar.

1990-cı ildə erməni terrorçuları tərəfindən Dağlıq Qarabağda baş verən silahlı hücumlardan əvvəl (mülki şəxslərə hücum etdikləri üçün məhz terrorçular adlandırılmalıdır) 1988-ci ildən başlayaraq Ermənistandakı 200 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulmuşdular. Bu, azərbaycanlıların bir əsrdə dördüncü dəfə məruz qaldıqları kütləvi etnik təmizləmə siyasəti idi. Sovet İttifaqının o vaxtkı lideri Mixail Qorbaçov gərginliyi sakitləşdirmək əvəzinə erməni separatçılarına dəstək verdi”.

Səfir çıxışında 20 yanvar hadisələri barədə mərasim iştirakçılarına ətraflı məlmat verdi və qeyd etdi ki, “Bu görünməmiş qanunsuz hərəkət nəticəsində 131 nəfər  öldürüldü, təqribən 774 nəfər yaralandı, 400 nəfər həbs olundu və 4 nəfər itkin düşdü. Öldürülən dinc sakinlər arasında uşaqlar, yaşlılar və qadınlarla yanaşı azərbaycanlılar da daxil olmaqla, müxtəlif etnik və dini qrupların nümayəndələri var idi. Hərbi əməliyyat SSRİ və Azərbaycan Sovet Sosialist Respublikasının konstitusiyalarının, habelə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın (ICCPR) kobud şəkildə pozulması demək idi.

21 yanvar 1990-cı ildə Sovet KQB-nin nəzarəti altında Moskvada yaşayan, Ümummilli Lideri Heydər Əliyev, həyatı üçün təhlükəyə məhəl qoymadan, Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və minlərlə insan qarşısında çıxış etdi və etnik azərbaycanlıların qətlinə görə SSRİ kommunist liderlərini sərt şəkildə qınadı. Rejimin əleyhinə ilk açıq bəyanat bu hadisə ətrafında informasiya blokadasını qırmaqla yanaşı, həm də azərbaycanlıların qəlbində inam hissini gücləndirdi”.

Səfir 20 yanvar hadisələrinin beynəlxalq mətbuatda işıqlandırılması, bu hadisələrin nəticəsində SSRİ-nin süquta uğraması və Azərbaycan xalqının müstəqillik əldə etməsi haqqında danışaraq bu hadisəni  eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq tarixi kimi qiymətləndirdi: “O gün Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. Azərbaycan xalqına qarşı amansızcasına güc tətbiq olunması əks-təsir yaratdı. Çökən imperiya xilas olmaq şansını dəfn etdi və müstəqillik uğrunda milli hərəkatı canlandırdı. Hərbi, siyasi və mənəvi təcavüzə baxmayaraq, Azərbaycan milli-azadlıq hərəkatını, mübarizəni davam etdirdi və Sovet təhdidinə qarşı dayana bildi”.

Səfir çıxışına davam edərək Ümummilli Lider heydər Əliyevin və indiki president İlham Əliyev cənablarının hakimiyyəti dövründə  Azərbaycan Dövlətinin 20 Yanvar şəhidlərinin ailə üzvlərinə göstərdiyi qayğı və yaradılan şərait barədə danışdı.

Azərbaycan xalqının bu hadisələri unutmayacağını və azadlıq uğrunda canlarını fəda edən Vətən oğulları və qızlarının Azərbaycan tarixinə ən parlaq bir səhifə yazdıqlarını vurğuladı”.

Daha sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Səfir təəssüflə qeyd etdi ki, “müstəqillik qazansaq da, Dağlıq Qarabağ Ermənistan Respublikası  tərəfindən işğal edildi. Bu gün Azərbaycan torpaqlarının 20% -i, o cümlədən Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistanın işğalı altındadır.

BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətini təsdiqləyən və işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi hələ də yerinə yetirilmir. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Parlamenti də Azərbaycan torpaqlarının erməni qüvvələri tərəfindən işğalını pisləyən qətnamələr qəbul etmişdir.

Ancaq biz inanırıq ki, dostlarımızın köməyi, Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevin müdrik siyasəti və Azərbaycan xalqının səbirli iradəsi ilə pozulmuş hüquqlarımızı bərpa edəcəyik”.

Çıxışının sonunda Səfir E.Qəhrəman 20 Yanvar şəhidlərinin ruhu qarşısında baş əydiyini bildirərək xalqımızın kədərini bölüşmək üçün tədbirdə iştirak edən hər bir qonağa dərin təşəkkürünü ifadə etdi.

Mərasimdə Küveytdə daimi və müvəqqəti yaşayan azərbaycanlılarla yanaşı, diplomatik korpusun nümayəndələri, o cümlədən Küveytin rəsmi şəxsləri, yerli jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi  

Əl-Küveyt şəhəri

Arxiv üzrə axtarış