“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2025

Küveytdə 20 Yanvar faciəsi ilə bağlı məlumatlandırma tədbiri keçirilib

Bakı, 21 yanvar, AZƏRTAC

 

20 Yanvar faciəsi barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Səfir Emil Kərimov Azərbaycan xalqının tarixinə hüzn və qəhrəmanlıq günü kimi daxil olmuş Qanlı Yanvar hadisələri ilə bağlı çıxış edib. Diplomat çıxışında ötən əsrin sonlarında SSRİ-nin süqutu ərəfəsində erməni millətçilərinin Azərbaycana qarşı növbəti ərazi iddiaları qaldırmaları, Azərbaycanın tərkibində muxtar ərazi olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etmələri, eyni zamanda Topxana meşəsindəki ağacların qırılması və Azərbaycana qarşı ekoloji terrorun həyata keçirilməsinin xalqımızın etirazlarına səbəb olduğunu deyib.

E.Kərimov 20 yanvar qırğınının nəticələrinə toxunaraq, bu qanunsuz hərəkət nəticəsində 147 nəfərin həyatını itirdiyini, 744 nəfərin ağır xəsarət aldığını, 400 nəfərin həbs olunduğunu və 4 nəfərin itkin düşdüyünü qeyd edib. O, KQB-nin nəzarəti altında Moskvada yaşayan Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də öz həyatı üçün təhlükəyə məhəl qoymadan Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi və minlərlə insan qarşısında çıxış etməsi və azərbaycanlıların qətlinə görə SSRİ rəhbərliyini sərt şəkildə qınaması barədə danışıb.

Diplomat Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvlərinə göstərdiyi qayğı və yaradılan şərait barədə məlumat verib.

“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin sədri Könül Hacızadə çıxışında qalib ölkənin qalib vətəndaşı olması ilə qürur duyduğunu vurğulayıb.

Tədbirin sonunda qanlı yanvar hadisələri barədə Azərbaycan Televiziyasının (AzTV) istehsalı olan "Tarixin izi ilə - 20 yanvar" adlı sənədli film nümayiş olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti