Küveytdə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir təşkil olunub
Qahirə, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın Küveytdəki səfirliyində 27 Sentyabr – Anım Günü münasibətilə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Küveytdə yaşayan və təhsil alan Azərbaycan icmasının və Küveyt ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov tədbirdə çıxış edib. Səfir Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin başlamasından beş il ötdüyünü və otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgərlərimizin və zabitlərimizin qanı və canı bahasına işğaldan azad edildiyini bildirib. E.Kərimov şəhidlərimizin öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdıqlarını və hər günü bir qəhrəmanlıq dastanı olan, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsinin ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildiyini diqqətə çatdırıb.
Səfir qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Diplomat Ermənistan-Azərbaycan münaqişəsinin tarixinə toxunaraq diqqətə çatdırıb ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, Azərbaycanın özünümüdafiə hüququnun mövcudluğuna baxmayaraq, dövlətimiz beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparmış, uzun müddət səbir edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin bütün cəhdlərə baxmayaraq, Ermənistan özünün işğalçılıq siyasətindən əl çəkməmişdir.
Tədbirdə Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin təbliğinin, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə 2021-ci il sentyabrın 27-də Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin təməlinin qoyulduğu və Qələbəni təmin edən əsas amillərdən birinin xalq-dövlət-ordu birliyinin olduğu xüsusilə vurğulanıb.
Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldığını deyən səfir Azərbaycanın zəfərdən-zəfərə doğru irəlilədiyini, Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldığını və Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin təməlinin qoyulduğunu və möhtəşəm layihələrə start verildiyini vurğulayıb.
Diplomat Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladığını, bir sutkadan az müddət ərzində düşmənin aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycan rəhbərliyinin şərtlərini qəbul etməyə məcbur edildiyini və bununla da suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra Küveyt Dövlət Universitetinin azərbaycanlı tələbəsi Səbinə Cəbrayılova tədbirdə çıxış edib. Bildirib ki, Azərbaycan xalqı və ordusu bu mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməyib, həm də milli qürurunu, milli ləyaqətini bərpa edib, mənəvi baxımdan da bütövləşib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən 27 Sentyabr – Anım Günü ilə bağlı qəbul olunmuş bəyanatlar Küveyt Xarici İşlər Nazirliyinə, Küveytdə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara təqdim edilib.
Sonda Anım Günü ilə bağlı sənədli film təqdim olunub. Tədbir iştirakçıları, həmçinin nümayiş olunan kitab və jurnallara, bukletlərə, eləcə də fotolara baxıblar.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə