“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 fevral 2026

Xocalı soyqırımı qurbanları Küveytdə yad edilib

Qahirə, 24 fevral, AZƏRTAC

 

Azərbaycanın Küveytdəki səfirliyində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə Küveytdə yaşayan, təhsil alan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Xocalı soyqırımının, eləcə də Vətənin müdafiəsi və azadlığı uğrunda mübarizədə canlarını fəda edən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən səfir Emil Kərimov bildirib ki, ötən əsrdə xalqımız dəfələrlə etnik təmizləmə siyasətinə məruz qalıb, tarixi torpaqları olan Ermənistandan qovulub, 20 Yanvar faciəsini, Xocalı soyqırımını, eləcə də Ağdaban, Qaradağlı, Başlıbel, Bağanıs Ayrım kimi qətliamları və bir sıra digər faciələri yaşayıb. Xocalı soyqırımı dünya miqyasında ən dəhşətli faciələrdən biridir.

Vurğulanıb ki, Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən verilib. Diplomat faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun rolunu qeyd edib. Bildirib ki, Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində soyqırımının tanıdılmasında mühüm işlər görülüb.

O da diqqətə çatdırılıb ki, bu faciə İslam Əməkdaşlığı Təşkilatı, eləcə də dünyanın bir çox ölkələri tərəfindən soyqırımı və qətliam kimi tanınıb.

Tədbirdə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun tarixi ədaləti, ərazi bütövlüyümüzü bərpa etdiyi qeyd olunub.

Tədbirin davamında Xocalı soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib.

Daha sonra tədbir iştirakçıları zalda sərgilənən və Xocalı soyqırımı ilə bağlı müxtəlif illərdə nəşr edilmiş kitab və jurnallarla, bukletlərlə tanış olub, fotostendə baxıblar.

 

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti