2015-02-23

Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə ki, faciənin ildönümü ərəfəsində Səfirliyin təşəbbüsü ilə Küveytin məscidlərində cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılmış, onlara Allahdan rəhmət dilənmişdir.

Fevralın 22-də Azərbaycan Respublikasının Küveytdəki Səfirliyinin akt zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Türkiyənin icma üzvlərinin, həmçinin Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Səfir Tural Rzayev tədbirdə 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açmış, həmçinin,  ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə danışmışdır.  

Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa etmiş, Səfirlikdə təşkil olunmuş fotostendlə tanış olmuşdurlar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur.  

Eyni zamanda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı Soyqırımının  23-cü ildönümü ilə əlaqədar Bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş Səfirliklərə və Beynəlxalq Təşkilatlara göndərilmişdir. Həmçinin Qafqaz müsəlmanları idarəsinin Sədri Allahşükür Paşazadə Həzrətlərinin Soyqırımın 23-cü ildönümü ilə bağlı dünya liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa məhkəməsinə ünvanlanmış “Müraciət”i ərəb dilinə tərcümə olunaraq Küveyt dövlətinin Vəqflər və İslam Məsələləri Nazirliyinə və əlaqədar dini qurumlara çatdırılmışdır.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt şəhəri

 

Arxiv üzrə axtarış