VƏTƏNDAŞLIQ VƏZİYYƏTİ AKTLARININ DÖVLƏT QEYDİYYATI (VVADQ)

1. VVADQ-a dair ÜMUMİ MƏLUMAT

Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan,  habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları (bundan sonra – konsulluqlar) tərəfindən aparılır.

Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları öz səlahiyyətləri daxilində aşağıdakı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını həyata keçirir:

1) doğumun qeydə alınması;
2) nikahın bağlanmasının qeydə alınması;
3) nikahın pozulmasının qeydə alınması;
4) atalığın müəyyən edilməsinin qeydə alınması;
5) adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması;
6) övladlığa götürmənin qeydə alınması;
7) ölümün qeydə alınması.

Eyni zamanda konsulluqlar öz səlahiyyətləri çərçivəsində aşağıdakı əməliyyatları apara bilərlər:

  • vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir;
  • itmiş qeydləri bərpa edir;
  • akt kitablarını saxlayır;
  • vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verir;

Eyni zamanda, diplomatik nümayəndəlik və konsulluqlar tərəfindən qanunvericiliklə müəyyən edilmiş hallarda sosial sığorta müavinətlərinin və sosial müavinətlərin alınması üçün müvafiq arayış verilir. Bu halda, dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə konsulluq idarəsi ölən şəxsin adı, atasının adı və soyadı doğulduğu il, ay, gün və yer, cinsi, daimi qeydiyyatda olduğu yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı barədə məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərməlidir.

Xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan, habelə müvəqqəti olan Azərbaycan Respublikası vətəndaşlarının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, bir qayda olaraq, konsulluqların yerləşdiyi binada (otaqda) həyata keçirilir. Ehtiyac olduğu təqdirdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı konsulluqların yerləşdiyi binadan kənarda aparıla bilər və bu halda faktiki xərclər maraqlı şəxslər tərəfindən ödənməlidir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının konsulluq idarəsi yerləşdiyi binadan (otaqdan) kənarda aparıldığı hallarda akt qeydinin "Qeydlər üçün" qrafasında bu barədə qeyd edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının aparıldığı günədək müraciət edən şəxslər tərəfindən qeydiyyatın konsulluq idarəsi yerləşdiyi binadan (otaqdan) kənarda aparılmasından imtina edildikdə ödənilən haqq geri qaytarılır.

Diqqət! Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı zamanı Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları Azərbaycan Respublikasının dövlət dilində yazılır.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı (nikahın dövlət qeydiyyatı istisna olmaqla) notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında aparıla bilər. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr birbaşa olaraq barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir (şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər).

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə müraciət etmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada və miqdarda dövlət rüsumu ödəyirlər. Doğumun və nikahın təntənəli şəraitdə qeydiyyatı mərasimləri vətəndaşların vəsaiti hesabına aparılır.

Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı, möhürlə təsdiq edilməlidir. Konsulluq idarəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir.

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı məsələlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində aşağıdakı əsas normativ-hüquqi sənədlər əsasında tənzimlənir:

  • Azərbaycan Respublikasının Ailə Məcəlləsi;
  • “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 297 nömrəli Fərmanı
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”;
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”
  • Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar”, “Akt kitablarının saxlanması qaydası və müddətləri” və “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları” və digər müvafiq qanunvericilik aktlarına əsasən.2. Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında doğumun qeydə alınması

Ümumi məlumat

Xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı doğulduqda Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparır.
Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq, uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir.
Valideynlərin arzusu ilə doğumun dövlət qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.
Doğulan uşağın doğumunun qeydə alınması zamanı onun barəsində qeydiyyat aparılır və doğum haqqında şəhadətnamə verilir. Əkiz doğulan uşaqların doğumunun qeydə alınması zamanı onların hər biri barədə ayrıca qeydiyyat aparılır və hər birinə doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir.
Doğulmuş uşağın valideynləri və ya onlardan biri doğum haqqında yazılı və ya şifahi məlumatları Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına verir. Doğulmuş uşağın valideynləri xəstə olduqda, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda doğum haqqında məlumat aşağıda göstərilən şəxslərdən biri tərəfindən konsulluqlara verilir:

1) qohumlar;
2) qonşular;
3) uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti;
4) digər şəxslər.

Doğum haqqında məlumat Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Bu müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir.

Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə (diplomatik nümayəndəlik və ya konsulluğa) təqdim edilir.

Doğumun qeydə alınması üçün tələb olunan sənədlər

Doğumun qeydə alınması üçün müraciət edən şəxs tərəfindən Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarına aşağıdakı sənədlər təqdim edilməlidir:

  • valideynlərin ərizəsi (ərizədə anadan olmuş uşağa verilməsi nəzərdə tutulan ad, soyad və ata adı, o cümlədən doğulduğu tarix və yer qeyd olunmalıdır)
  • valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər;
  • valideynlərin nikah haqqında şəhadətnaməsi;
  • valideynlərin doğum haqqında şəhadətnməsi;
  • doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd;
  • uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd;
  • uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd;
  • uşaq anası tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd;

Yuxarıda qeyd olunan sənədlər olmadıqda, uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

Valideynlərin birinin sənədləri yalnız üzrlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadığı halda, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilərlər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin təqdim olunması tələb olunur.

Uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir.

Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək konsulluq idarəsinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır.

Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.

Doğumun dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddət (doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir) keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir.

Müəyyən olunmuş müddətdə qeyd olunmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itirilmiş vətəndaşlıq vəziyyəti aktlarının bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra "vaxtı keçmiş qeydiyyat" sözləri yazılmaqla aparılır.

Uşağa ad, ata adı və soyadın verilməsi qaydaları

Uşağa ad verilməsi

Uşağa ad, ata adı və soyad Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, valideynlərin razılığı ilə verilir.

Öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə verilir.

Uşağa soyad verilməsi

Uşağa adın, ata adının və soyadın verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"na uyğun olaraq həyata keçirilir.

Uşağa ata adının verilməsi

Uşağa ata adı isə atasının adına görə verilir. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır;

Valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın atası kimi qeydə alınan şəxsin adına görə verilir. Atalıq müəyyən olunmadıqda uşağa ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Uşaq onun anası ilə qeydə alınmış nikahda olmuş şəxsin ölümündən sonra doğulduqda, ölmüş şəxs uşağın atası kimi doğum haqqında aktın qeydinə və şəhadətnaməyə bu şərtlə yazıla bilər ki, göstərilən şəxsin ölümü günündən uşağın doğulduğu günədək 10 aydan çox vaxt keçməsin.
Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır.

Uşağın atası ilə nikahda olmayan ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum edildikdə, habelə onun yaşadığı yeri müəyyən etmək mümkün olmadıqda uşağın atası haqqında qeyd atanın məlumatına əsasən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8.3-cü bəndinə (uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında aktın qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır;) uyğun olaraq yazılır.

Öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında aktın qeydində və şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar; öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. Valideynlər və ya onlardan biri valideynlik hüququndan məhrum edildikdə konsulluq idarəsi bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən doğum haqqında akt qeydinin "Qeydlər üçün" qrafasında müvafiq qeyd edir.

Valideynlik hüququ məhkəmə qaydasında bərpa edildikdə həmin qeyd silinir.

Uşağın doğum tarixinin müəyyən edilməsi

Doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir.
Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir.

Diqqət! Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları tərəfindən doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar aşağıdakı sənədlərin nümunəsi əlavə olunur:

  1. Doğum haqqında akt qeydinin nümunəsi
  2. Doğum akt qeydinin bərpası haqqında, doğumun müddət gecikməsi ilə qeydə alınması haqqında Ərizə nümunəsi
  3. Doğum haqqında bərpa akt qeydinin nümunəsi
  4. Doğum haqqında təkrar şəhadətnamənin (arayışın) verilməsi barədə Ərizənin nümunəsi
     

3.Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan vtəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı əməliyyatları üçün dövlət rüsumunun dərəcələri

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

16.3. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına görə:

 

16.3.1. nikahın qeydə alınmasına görə

10 ABŞ dolları

16.3.2. yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulmasının qeydə alınmasına görə

40 ABŞ dolları

16.3.3. Qanunla müəyyən edilmiş qaydada xəbərsiz itkin düşmüş, yaxud fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslə nikahın pozulmasının qeydə alınmasına görə

5 ABŞ dolları

16.3.4. soyadın, adın və ata adının dəyişdirilməsinin qeydə alınmasına görə

20 ABŞ dolları

16.3.5. vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması barədə təkrar şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.3.6. vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi və onların bərpası ilə əlaqədar şəhadətnamələrin verilməsinə görə

10 ABŞ dolları

16.3.7. xarici ölkələrin qeydiyyat orqanlarında nikahın qeydə alınması məqsədilə ailə vəziyyətinə dair arayışın verilməsinə görə

10 ABŞ dolları

Qeyd: Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli, № 223-IIQ nömrəli Qanununu ilə tənzimlənir.

 

4 .Dövlət rüsumunun ödənilməsindən azadolmalar

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınması üçün Dövlət rüsumunun ödənilməsindən azadolmalar.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 04 dekabr 2001-ci il tarixli, № 223-IIQ nömrəli Qanununun 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı hallarda ödənilmir:

1) doğumun qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
2) ölümün qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
3) övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi;
4) atalığın müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi.

Arxiv üzrə axtarış