SƏFİRİN SALAMLAMA NİTQİ

Səfirin salamlama nitqi

Hörmətli Xanımlar və Cənablar,

Saytımıza xoş gəlmisiniz.

Bu saytda sizə ölkəmizin tarixi, iqtisadiyyatı və mədəniyyəti, Azərbaycan-Küveyt əlaqələri və səfirliyimizin fəaliyyəti ilə bağlı məlumat verilir.

Azərbaycan dünyanın ən qədim ölkələrindən biridir. Azərbaycan haqqında məlumatlara bir çox antik müəlliflərin əsərlərində rast gəlmək olar.

Orta əsrlərdə Azərbaycan bir çox Avropa və Şərq ölkələri ilə güclü siyasi və iqtisadi əlaqələrə sahib idi və Böyük İpək Yolunun mühüm tərkib hissəsini təşkil edirdi.

20-ci əsrin əvvəllərində Şərqdə ilk dəfə Azərbaycanda teatr açılmış, opera yazılmış və Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Azərbaycanda Nobel qardaşları və M.Rostropoviç kimi tanınmış şəxslər yaşayıb-yaradıblar.

Azərbaycan zəngin mədəni irsə malikdir. Ölkəmiz xalçaları, ipək məmulatları, o cümlədən keramika sənətkarlığı və tətbiqi sənəti ilə tanınır. Nəsimi, Nizami Gəncəvi, Füzuli, Xaqani, Natəvan kimi dünya şöhrətli Azərbaycan şairlərinin şeirləri dünya ədəbiyyatının bir parçasıdır. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov və Vaqif Mustafazadə kimi bəstəkarların əsərləri dünyanın ən məşhur bəstələrindən sayılır. Bundan başqa, Rəşid Behbudov, Müslüm Maqomayev kimi tanınmış azərbaycanlı müğənnilər bütün dünyada tanınırlar. Azərbaycan həm də qədim memarlıq və mədəniyyət abidələri ilə tanınır ki, onlardan bəziləri YUNESKO-nun mədəni irs siyahısına daxil edilib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan Qafqazın lider ölkəsidir və müasir dünyada mühüm siyasi və iqtisadi rol oynayır.

Sizi ölkəmizə səfər etməyə dəvət edirik!

 

Hörmətlə,

Emil Kərimov,

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki

Fövqəladə və Səlahiyyətli Səfiri

 

 

Arxiv üzrə axtarış