İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
İKİTƏRƏFLİ MÜNASİBƏTLƏR
Diplomatik əlaqələrin qurulması haqqında qısa tarixi arayış:
“Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol”: 7 oktyabr 1994-cü ildə imzalanmışdır.
2004-cü ildə Azərbaycan Respublikasının Küveyt Dövlətində Səfirliyi, 2006-cı ildə isə Küveyt Dövlətinin Azərbaycan Respublikasında Səfirliyi açılmışdır.
19 avqust 2022-ci il tarixindən Emil Zülfüqar oğlu Kərimov AR-in Küveytdəki səfiri təyin edilmişdir. 19 sentyabr 2022-ci il tarixində Küveyt Dövlətinin Azərbaycana təyin olunmuş yeni səfiri Abdulla Məhəmməd Abdulla Əl-Maudi öz etimadnaməsini AR-nin Prezidenti cənab İlham Əliyevə təqdim etmişdir.
Siyasi əməkdaşlıq:
Müstəqilliyinin ilk illərindən İslam dünyası və ərəb ölkələri ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olub. Azərbaycanla Küveyt arasında ikitərəfli əlaqələrlə yanaşı, İƏT, BMT, Qoşulmama Hərəkatı, OPEC+ kimi təşkilatlar çərçivəsində də yüksək səviyyəli qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşmışdır.
Küveyt və Azərbaycan arasında əlaqələr məhz Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə qurulmuşdur. Belə ki, Heydər Əliyev 1994-cü ildə İƏT zirvə görüşündə iştirak etmək üçün Mərakeşdə səfərdə olarkən Küveyt Əmiri Cabir Əhməd Sabahla görüşmüş, görüş zamanı dövlət başçılarının bir-birilərini öz ölkələrinə rəsmi səfərə dəvət etmişlər. İki lider arasında keçirilən görüş zamanı, Küveyt əmiri hər hansı bir müstəqil dövlətin əleyhinə təcavüzün yolverilməz olduğunu bildirmiş, eyni zamanda, Ümummilli Liderə - “...Sizin qaçqınlara yardım etmək lazımdır və bu köməyi edəcəyik..." - demişdir.
Küveyt 1995-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının nəzdində fəaliyyət göstərən Asiya Müsəlmanları Komitəsinin ofisini açmışdır. Asiya Müsəlmanları Komitəsi 1996-cı ildə Küveyt Dövlətinin tapşırığına əsasən və Ümummilli Lider Heydər Əliyevin xüsusi qayğısı altında Bakı şəhərində Azərbaycanın qaçqın və məcburi köçkünlərinə yardım məqsədilə ilk beynəlxalq konfrans təşkil etmişdir. Küveyt Dövlətinin o zamankı əmiri Şeyx Cabir əl-Əhməd əl-Cabir əs-Sabahın müvafiq göstərişinə əsasən, 1995-ci ildə 200 ton ərzaq və tibbi yardımla dolu olan 5 təyyarə Azərbaycana göndərilmişdir.
7 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Ərəb ölkələrinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin üzvü Əbd əl-Əziz Səud əl-Babteyn Küveyt dövlətinin başçısı, əlahəzrət Şeyx Cabir Əl-Əhməd Əl-Sabahın salamını prezidentə yetirərək bildirib: "...Azərbaycan xalqının Ermənistan tərəfindən təcavüzə məruz qaldığı dövrdə keçirdiyi hissləri Küveyt xalqı da təcavüzlə qarşılaşarkən keçirmişdir...".
Küveyt Dövləti 14 mart 2008-ci ildə BMT-də "İşğal olunmuş Azərbaycan ərazilərindəki vəziyyət" adlı qəbul olunmuş qətnamənin lehinə səs verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il fevralın 10-da Küveytə rəsmi səfəri ölkələrarası münasibətlərdə əlamətdar hadisələrdən biri kimi yadda qalmış, onun Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahla görüşü, iki ölkə arasında münasibətlərin inkişaf etməsində və siyasi əlaqələrin daha da yüksək səviyyəyə qalxmasında mühüm rol oynamışdır.
Səfər zamanı Küveyt Əmiri Prezident İlham Əliyevə ölkəsinin ən ali mükafatı olan "Mübarək əl - Kəbir" ordenini, Azərbaycan Prezidenti isə Əmirə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordenini təqdim etmişdir.
Dövlət başçılarının iştirakı ilə Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlığa dair Birgə komissiyanın yaradılması, sərmayələrin təşviqi və qarşılıqlı qorunması, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması, ticarət, turizm sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb.
Siyasi məsləhətləşmələr:
13-14 fevral 2013-cü il tarixində Hökumətlərarası Birgə Komissiyanın Bakı şəhərində keçirilən 2-ci iclası çərçivəsində xarici işlər nazirlikləri arasında birinci siyasi məsləhətləşmələr keçirilmişdir.
Yüksək səviyyəli qarşılıqlı səfərlər:
Ölkə başçıları:
2009-cu ilin 10-11 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Küveyt Dövlətində rəsmi səfərdə olmuş və Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveytin Baş naziri şeyx Nasir əl-Əhməd əs-Sabah, Küveyt Ticarət və Sənaye Palatası idarə heyətinin sədri Əli Məhəmməd Sünayən əl-Ğənim ilə görüşlər keçirmişdir.
Parlament rəhbərləri:
1996-cı ilin may ayı Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin başcılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətində rəsmi səfərdə olmuş, Küveyt Dövlətinin Əmiri, Millət Məclisinin Sədri və Baş nazirin birinci müavini, Xarici İşlər Naziri ilə görüşlər keçirmişdir.
2018-ci ilin 19-21 sentyabr tarixlərində Küveyt Millət Məclisinin (Parlament) Sədri Mərzuq Əl-Ğənimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisin keçirilmiş təntənəli iclasında iştirak etmək məqsədilə Respublikamıza səfər etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizə səfərə gələn Küveyt Millət Məclisinin sədri Mərzuq Əli Əl-Ğanimi 20 sentyabr tarixində qəbul edib.
2022-ci ilin 30 iyun-1 iyul tarixlərində Küveyt Parlamentinin sədri Mərzuq Əl-Ğanimin başçılıq etdiyi nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olub.
Xarici işlər nazirləri:
20 yanvar 2007-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Küveytə rəsmi səfər edib. Xarici işlər naziri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib. Səfər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Küveyt Dövlətinin Xarici İşlər Nazirliyi arasında ikitərəfli məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb.
7 iyun 2007-ci ildə Küveytin Baş Nazirinin müavini və xarici işlər naziri Şeyx Məhəmməd Sabah əl-Səlim əs-Sabah Azərbaycana rəsmi səfər edib. Səfər zamanı keçirdiyi mətbuat konfransında Küveytə İraqın müdaxiləsi zamanı Azərbaycan ictimaiyyətinin Küveyti müdafiə etməsini xatırladıb və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsinə çağıran BMT qətnamələrinə riayət edilməsinin vacibliyini söyləyib. Prezident İlham Əliyev Şeyx Məhəmməd Sabah əl-Səlim əs-Sabahı qəbul edib.
13-14 fevral 2013-cü il Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının işində iştirak etmək üçün Küveyt Dövləti Baş nazirinin müavini, Xarici İşlər Naziri Şeyx Sabah Əl-Xalid Əl-Hamad Əl-Sabah Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
27-28 may 2015-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlərinin 42-ci toplantısında iştirak etmək məqsədilə Küveyt Dövlətində səfərdə olmuşdur.
25-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşündə Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid Əl-Haməd Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
2020-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının (QHH) sədri İlham Əliyevin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupunun Covid-19 (COVID-19-a Qarşı Birlik) ilə bağlı onlayn Zirvə görüşündə Küveytin xarici işlər naziri Şeyx Dr. Əhməd Nasir Əl-Məhəmməd Əl-Sabah çıxış etmişdir.
1-2 mart 2023-cü il tarixlərində Küveyt Dövlətinin xarici işlər naziri Şeyx Səlim Abdullah Əl-Cabir Əl-Sabah Qoşulmama Təşkilatının COVID-19 ilə mübarizə üzrə Təmas Qrupunun pandemiyadan sonrakı yenidənqurma məsələlərinə həsr olunmuş Sammit səviyyəli iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olmuşdur.
Nazirlər:
17-21 aprel 2012-ci il Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Küveyt Dövlətinə rəsmi səfər etmişdir.
23-24 aprel 2013-cü il Küveyt Dövlətinin Sosial Məsələlər və Əmək Naziri xanım Zikra Əl-Raşidi Bakı şəhərində keçirilən İslam Əməkdaşlığı Təşkilatının üzv dövlətlərinin Əmək Nazirlərinin İslam Konfransının II görüşünün işində iştirak etmək üçün Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur.
2014-cü il 28-30 oktyabr tarixlərində Bakıda keçirilmiş “Gənclər siyasəti üzrə Birinci Qlobal Forum”da Küveyt Dövlətinin İnformasiya naziri (eyni zamanda, İdman, Gənclər, Mədəniyyət məsələləri üzrə Dövlət naziri) Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.
19-21 fevral 2015-ci il tarixlərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Mətuq Azərbaycan Respublikasına səfər etmişdir.
16 aprel 2015-ci il tarixində Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq konfransda Küveytin vəqflər və islam işləri nazirinin müavini, Asiya Müsəlmanları Komitəsinin sədri Adil Abdulla Əl-Fəlah iştirak etmişdir.
5 may 2015-ci il tarixində Küveytin Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin baş direktoru Xalid Salah Al-Rayes Azərbaycanda səfərdə olub.
12 iyun 2015-ci il tarixində Bakı şəhərində keçirilmiş I Avropa oyunlarının açılış mərasimində iştirak etmək üçün Küveyt Dövlətinin İnformasiya naziri, Gənclərlə iş üzrə Dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabahın rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər etmişdir.
2016-cı ilin 5-6 aprel tarixlərində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası ilə Körfəz ölkələri arasında mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi və intensivləşdirilməsi məqsədi ilə Küveyt Dövlətində səfərdə olmuşdur.
2021-ci ilin fevralın 26-da Azərbaycan Respublikası Prezident Administrasiyası və Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizə səfər edən Küveyt Elektron Media Birliyinin rəhbəri Feysəl Xəlifə Əs-Səvvağ Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak etmişdir.
Parlamentlərarası əlaqələr:
28 may 1995-ci il Küveyt Millət Məclisi Küveyt və Azərbaycan parlamentləri arasında 4 nəfərdən ibarət “Dostluq Qrupu”nun yaradılması haqqında qərar qəbul etmişdir.
20-22 sentyabr 1995-ci il Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin dəvətinə əsasən Küveyt Dövləti Millət Məclisinin Sədr müavini Saleh Yusif Əl-Fədallahın başcılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
26-28 sentyabr 2001-ci il tarixlərində Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Camal Hüseyn Fahat Əl-Ömərin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı ölkə rəhbərliyi ilə keçirilən görüşlərdə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyi vurğulanıb.
Nümayəndə heyətinin 27 sentyabr 2001-ci ildə Heydər Əliyevlə görüşündə bir daha tərəflər arasında Küveyt-Azərbaycan əməkdaşlığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq terrorizmə qarşı mübarizə haqqında söhbət aparılıb. Prezident Heydər Əliyev hələ 2001-ci il 11 sentyabr hücumlarından az sonra islam və terror anlayışlarının tam fərqli olduğunu, bu dinin zorakılığa qarşı çıxdığı fikirlərini Küveyt nümayəndə heyətilə görüşdə səsləndirib. Azərbaycanın dövlət başçısı İraqın Küveytə qarşı təcavüzü və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi halları arasında oxşarlıq olduğunu və dost ölkələr kimi Küveyt və Azərbaycanın bir-birlərinə kömək göstərmələrinin zəruriliyini bildirib.
21-24 sentyabr 2005-ci il “Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupu”nun üzvlərindən ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin dəvətinə əsasən Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər zamanı Küveyt nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin Sədri, Xarici İşlər Naziri və İqtisadi İnkişaf Naziri ilə görüşlər keçirmişdir.
21-24 oktyabr 2007-ci il Küveyt-Azərbaycan Parlamentlərarası dostluq qrupunun Azərbaycan Respublikasına rəsmi səfəri həyata keçirilmişdir.
17-21 aprel 2010-cu il Küveyt Dövləti Millət Məclisinin qadın deputatlarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri xanım B.Muradovanın dəvəti ilə Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur. 20 aprel 2010-cu ildə qadın deputatlar və Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri Heydər Əliyev Fondunu ziyarət ediblər. Burada qonaqlara xalqımızın ümummilli liderinin adını daşıyan fondun yaranması, çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib.
12-15 iyun 2010-cu il Azərbaycan - Küveyt Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Küveyt Dövləti Millət Məclisinin dəvəti ilə Küveyt Dövlətində rəsmi səfərdə olmuşdur.
17-19 oktyabr 2011-ci il Azərbaycan Respublikası Milli Məclisinin dəvətinə əsasən, Küveyt Parlamenti Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Vəlid Əl-Təbtabayinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
15-17 may 2013-cü il Azərbaycan Respublikası Milli Məclisinin dəvətinə əsasən, Küveyt Dövləti Millət Məclisi Dostluq qrupları Komitəsi (DQK)-nin sədr müavini, DQK-da Azərbaycan qrupunun rəhbəri, eyni zamanda, Parlamentin İnsan Haqları komissiyasının ən fəal üzvlərindən biri Mübarək Saleh Əl-Nəcədə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı Mübarək Saleh Əl-Nəcədə Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov tərəfindən qəbul edilmişdir.
30 aprel-2 may 2015-ci il tarixlərində Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupu Saud Əl-Hureycinin rəhbərliyi ilə Azərbaycan Respublikasına səfər etmişdir.
18-19 may 2015-ci il tarixlərində Azərbaycanda keçirilən III Ümumdünya Mədəniyətlərarası Dialoq Forumunda Küveyt Azərbaycan Parlamentlərarası Dostluq Qrupunu rəhbəri Saud Əl-Hureyci iştirak etmişdir.
Hüquqi baza:
- “Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol”: 7 oktyabr 1994-cü il.
- “Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında Hərbi Qüvvələrin Statusu haqqında Saziş”, 3 iyun 2003-cü il.
- “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Küveyt Dövləti Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu”: Əl-Küveyt şəhəri, 21 yanvar 2007-ci il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik və xidməti/xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
Mədəni və Humanitar sahədə əməkdaşlıq
Humanitar sahədə əməkdaşlıq
1995-ci ildə Küveyt Dövləti Bakı şəhərində Beynəlxalq İslam Xeyriyyə Təşkilatının nəzdində fəaliyyət göstərən Asiya Müsəlmanları Komitəsinin ofisini açmışdır. Komitə qaçqın və məcburi köçkünlərə, eləcə də məscidlərin inşasına yardımlar etmişdir.
17 fevral 2010-cu il Küveytin aparıcı gənclər təşkilatı olan “LoYAC”-ın (Youth Achievement Center) qərargahında İslam Konfransı Təşkilatının Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə elan olunmuş “Xocalıya ədalət” kampaniyasının Küveytdə təqdimatı keçirilmiş, “Xocalıya Ədalət” kampaniyasının petisiyası imzalanmış və Xocalı qətliamının 18-ci ildönümü münasibətilə “Xocalı uşaqların gözü ilə” şəkil sərgisi təşkil olunmuşdur.
10-11 oktyabr 2011-ci il “I Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək üçün Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
03-06 oktyabr 2012-ci il “II Bakı Beynəlxalq Humanitar Forumu”nda iştirak etmək üçün Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
23-25 sentyabr 2013-cü il Bakı şəhərində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş “III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası”nda Küveyt nümayəndə heyəti iştirak etmişdir.
31 oktyabr- 01 noyabr 2013-cü il Bakı şəhərində keçirilmiş “III Bakı Beynəlxalq Humanitar Forumu”nda Küveytin “İslam Əsərləri” Fondunun Baş Direktoru və Küveytin son dərəcə nüfuzlu ictimai-siyasi xadimi Şeyxə Hussah Sabah Əl-Salem Əl-Sabah iştirak etmişdir.
3-7 dekabr 2013-cü il Küveyt Dövləti Qadın Məsələləri üzrə Dövlət Komitəsinin Sədri Şeyxə Lətifə Əl-Fəhəd Əl-Səlim Əl-Sabahın dəvəti ilə Birləşmiş Millətlər Təşkilatının Qərbi Asiya üzrə İqtisadi və Sosial Komissiyasının (ESCWA) Əl-Küveyt şəhərində keçirilən 6-cı toplantısının işində iştirak etmək üçün Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın başçılıq etdiyi nümayəndə heyəti işgüzar səfərlə Küveyt Dövlətində olmuşdur.
2014-cü ilin 2-3 oktyabr tarixlərində Bakıda keçirilmiş “IV Bakı Beynəlxalq Humanitar Forum”da iştirak etmək üçün Küveyt İdeal Ailə və Ana Cəmiyyətinin prezidenti Şeyxə Fariha Əl-Əhməd Əl-Cabir Əl-Sabah və Küveyt Əlil İdmançılar Cəmiyyətinin Fəxri Prezidenti Şeyxə Əl-Abdulla Əl-Sabahın başçılıq etdiyi böyük nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Səfər çərçivəsində Küveyt nümayəndə heyəti Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri xanım Hicran Hüseynova ilə görüşmüş, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaq evini ziyarət etmişdir.
2016-cı ilin 16-17 noyabr tarixlərində Bakıda keçirilmiş “Dünya Xəbər Agentliklərinin V Beynəlxalq Konqresi”ndə iştirak etmək üçün Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş Direktoru və idarə heyətinin sədri, Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Əl-Dueyc Əs-Sabahın rəhbərliyi ilə Küveyt nümayəndə heyəti ölkəmizə səfər etmişdir. Səfər çərçivəsində Küveyt nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qəbul etmişdir.
2017-ci ilin 16-17 may tarixlərində Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin Sədri xanım Şeyxə Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabahın dəvəti ilə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın başçılığı ilə nümayəndə heyəti “Küveyt Qadınları Günü” münasibətilə “Qadın – bəxş edən, quran” ünvanı altında keçirilən konfransda iştirak etmək məqsədilə Küveyt dövlətində səfərdə olmuşdur.
2018-ci ilin 19-21 sentyabr tarixlərində Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Matuq Azərbaycan Respublikasının Parlamentinin yaranmasının 100 illiyi ilə bağlı Milli Məclisin keçirilmiş təntənəli iclasında iştirak etmək məqsədilə Respublikamıza səfər etmişdir.
2018-ci ilin 25-26 oktyabr tarixlərində VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Küveyt Xəbərlər Agentliyinin (KUNA) Baş Direktoru və idarə heyətinin sədri, Әrәb Ölkәlәri Xәbәr Agentliklәri Federasiyasının (FANA) prezidenti Şeyx Mübarək Əl-Dueyc Əs-Sabah, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri, eyni zamanda humanitar məsələlər üzrə BMT Baş katibinin nümayəndəsi d-r Abdullah Əl-Mətuq ölkəmizdə səfərdə olmuşlar.
2018-ci ilin noyabrında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Küveyt Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əl Sabahın himayəsi ilə “Bəşəriyyət aclıq əleyhinə səfərbər olsun” mövzusunda Əl-Küveyt şəhərində keçirilən “Humanitar aksiyaların keyfiyyətinin artırılması naminə effektiv əməkdaşlıq və informasiya mübadiləsi” adlı 8-ci beynəlxalq konfransda iştirak etmişdir.
2019-cu ilin 14-15 noyabr tarixlərində BMT Baş Katibinin xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Matuqun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitində iştirak etmişdir.
2019-cu ilin noyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveytə səfər etmişdir. Səfər çərçivəsində Y.Mahmudov Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” kitablarının - təqdimatını keçirmişdir.
Mədəniyyət
17 dekabr 2009-cu ildə isə Bakıda Küveyt Mədəniyyət Günləri çərçivəsində Küveyt rəssamlarının sərgisi təşkil olunub.
9-13 may 2011-ci il Əl-Küveyt şəhərində Azərbaycan mədəniyyət günləri keçirilmişdir.
07 iyul 2011-ci il Əl-Küveyt şəhərində Küveyt-Azərbaycan musiqi gecəsi keçirilmişdir.
20-30 iyul 2011-ci il Küveytli tələbələr arasında keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” inşasının qalibləri Bakıya səfər etmişlər.
Avqust 2012-ci il Küveytin tanınmış şairəsi Suad Əl-Sabahın “Məni Günəşə Apar” şeirlər kitabı Azərbaycan dilinə tərcümə edilmiş və nəşr etdirilmişdir.
27-30 noyabr 2012-ci il Bakı şəhərində Küveyt mədəniyyət günləri keçirilmişdir.
17-22 fevral 2013-cü il Əl-Küveyt şəhərində Azərbaycan mədəniyyət günləri keçirilmişdir. Mədəniyyət günləri ərzində Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin 95 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirləri çərçivəsində Azərbaycan Dövlət Simfonik Orkestrinin iki konserti təşkil olunmuşdur.
11-19 mart 2013-cü il Bakı şəhərində keçirilmiş Beynəlxalq Muğam Festivalında on beş nəfərdən ibarət Küveyt musiqiçi və ekspertlərinin iştirakı təmin edilmişdir.
23-26 aprel 2013-cü il Bakı şəhərində keçirilmiş “İslam Dünyası Gənclərinin Klassik Musiqi İfaçılarının Müsabiqə-Festivalı”nda Küveyt nümayəndə heyəti iştirak etmişdir.
2014-cü il aprel ayının 24-26 tarixlərində Bakı şəhərində keçirilən İslam dünyası klassik musiqi ifaçılarının III Beynəlxalq festival-müsabiqəsində Küveyt musiqi ifaçıları iştirak etmiş və Küveyt musiqi ifaçısı Lulu Əl-Şəmlən kiçik yaş qrupunda olan gənclər arasında birinci yeri tutmuşdur.
2014-cü ilin may ayının 19-22 tarixlərində “İlham Əliyev-Bioqrafiya davam edir” kitabının təntənəli təqdimat mərasimində və “28 May Respublika Günü” münasibətilə keçirilən tədbirdə iştirak etmək məqsədilə Azərbaycan musiqiçiləri-skripkaçı Səlim Abbasov və pianoçu Qorxmaz Qurbanov Küveyt Dövlətində səfərdə olmuşdur.
2014-cü ilin iyul ayında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı Səfiri, millət vəkili xanım Mehriban Əliyeva İslam mədəniyyətinin dünya miqyasında təbliğinə, nəcib xeyriyyəçilik fəaliyyətinə, o cümlədən Azərbaycanda təhsil və səhiyyəyə verdiyi töhfələrə görə Küveyt Dövlətinin yüksək mükafatına layiq görülmüşdür. Diplomu Küveyt Dövlətinin Qadın Məsələləri üzrə Komitəsinin sədri Şeyxa Lətifə Əl-Fəhd Əl-Səlim Əl-Sabah imzalamışdır. Qeyd edək ki, bu Küveyt qadınları adından ölkə hüdudlarından kənarda xarici ictimai-siyasi xadimə verilən ilk mükafatdır.
2014-cü ilin 5-6 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə müasir dövrün teatr problemlərinə həsr olunmuş “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən III Beynəlxalq Teatr konfransında Küveytin Mədəniyyət və Ədəbiyyat Ali Şurası Baş Katibinin müavini Məhəmməd Əl-Acmi iştirak etmişdir.
18-19 may 2015-ci il tarixlərində Azərbaycanda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Küveyt Azərbaycan Parlamentlərarası dostluq qrupunu rəhbəri Saud Əl-Hureyci, Küveyt Xarici İşlər nazirliyinin Xarici əlaqələr departamentinin direktoru Valid Abduləziz Əl-Ammar və Küveyt Dövləti Vəqflər və İslam İşləri Nazirliyinin xarici əlaqələr və Həcc məsələləri üzrə müavin Xalaif Mutaib Əl-Zainah iştirak etmişdir.
23-27 noyabr 2015-ci il tarixlərində Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İcraiyyə Şurasının 35-ci iclasında (23-24 noyabr 2015-ci il) və 12-ci Baş Konfransında (26-27 noyabr 2015-ci il) Küveyt Dövlətinin Təhsil və Ali təhsil nazirinin müavini Haitham Saleh Aalathar və Təhsil, Elm və Mədəniyyət üzrə Küveyt Milli Komissiyasının Baş katibi (UNESKO) Ahmad Al-Enezi iştirak etmişdir.
2017-ci ilin 5-6 may tarixlərində Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Küveyt Dövləti Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şuranın Baş katibi Əli Əl-Yuhanın rəhbərliyi ilə nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur.
2018-ci ilin may ayında Bakı Musiqi Akademiyasının "Baku Chamber Orchestra" Gənclər kamera orkestri və tanınmış musiqiçilərin iştirakı ilə Küveyt şəhərində konsert təşkil olunub.
16 noyabr-30 dekabr 2021-ci il tarixlərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar “2021 - Nizami Gəncəvi ili” çərçivəsində təşkil olunan “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsində II yerin qalibi Küveytdən olan iştirakçı Tarik Əl-Yusif olmuşdur.
Turizm:
29 mart-2 aprel 2011-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci ili Azərbaycan Respublikasında “Turizm ili” elan etməsilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin yüksək rütbəli rəsmiləri Əl-Küveyt şəhərində keçirilən Beynəlxalq turizm sərgisində xüsusi ekspozisiya ilə iştirak etmişlər.
2019-cu ildə COVİD-19 pandemiyasından öncə Küveytdən Azərbaycana 25-30 min Küveytli (rezidentlər nəzərə alınmadan) turist səfər etmişdir. 2016-cı ildən etibarən Küveyt vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinin tətbiqinə başlanılıb, həmçinin 2017-ci ildən Küveyt vətəndaşlarına “ASAN Viza” sistemi vasitəsilə qısa müddətdə elektron viza almaq imkanı verilib. 2017-ci ildən Küveytə ilk birbaşa uçuş həyata keçirilib. Hazırda isə Azərbaycanın “AZAL” aviaşirkəti ilə yanaşı, Küveytin “Al-Jazeera” və “Kuwait Airways” aviaşirkətləri birbaşa uçuşlar həyata keçirirlər.
İdman:
25-29 aprel 2013-cü il Əl-Küveyt şəhərində keçirilmiş I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Qran-prisi yarışında Azərbaycan Atıcılıq Federasiyasının Vitse-prezidenti Rasim Rzayevin rəhbərliyi ilə ölkəmizin yığma komandası iştirak etmişdir.
2014-cü il 15-21 avqust tarixlərində “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının birgə dəstəyi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə Beynəlxalq “Qran-pri” yarışlarında Küveyt Atıcılıq Federasiyasının təmsilçiləri iştirak etmişdir.
2017-ci ilin 10-12 aprel tarixlərində Küveyt Milli Olimpiya Komitəsinin Prezidenti Şeyx Fəhd Cabir Əl-Ali Əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt idmançılarının 12-22 may tarixlərində Azərbaycanın ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi oyunlarında iştirakı ilə bağlı, həmçinin idman sahəsində məsul şəxslərə müştərək maraq kəsb edən məsələləri müzakirə etmək məqsədilə respublikamıza səfər etmişdir.
Hüquqi baza
- “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
- 2. “Azərbaycanın Dövlət Teleqraf Agentliyi ilə Küveyt Xəbərlər Agentliyi arasında əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, sentyabr 2009-cu il.
- “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında Ailə, qadın və uşaq problemləri sahəsində əməkdaşlığa dair Saziş”: Əl-Küveyt şəhəri, 26 yanvar 2010-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 16 aprel 2010-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
- “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası ilə Küveyt Dövləti Xarici İşlər Nazirliyinin Saud N.Əl-Sabah adına Diplomatik İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
Ticarət və iqtisadi əməkdaşlıq
İqtisadi əməkdaşlıq:
2004-cü ildə Küveytin Ərəb İqtisadi İnkişaf Fondu Ələt-Qazıməmməd yüksək sürətli yolunun bərpası üçün kredit ayırmışdır.
30-31 may 2006-cı ildə AR İqtisadi İnkişaf naziri İslam İnkişaf Bankının illik toplantısında iştirak etmək üçün Küveytə səfər edib. Səfər zamanı İqtisadi İnkişaf naziri İİB-in prezidenti, Küveytin Maliyyə naziri, İnvestisiyalar üzrə Ali Şuranın baş direktoru ilə görüşlər keçirib.
2009-cu ilin may ayında Əl-Küveyt şəhərində Küveyt-Azərbaycan biznes-forumu keçirilib. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycanın Küveytdəki səfirliyinin təşkilatçılığı ilə təşkil olunan biznes-forumda Azərbaycan tərəfdən sənaye, kənd təsərrüfatı, inşaat və digər sahələrdə fəaliyyət göstərən 10 şirkətin nümayəndələri iştirak edib. Küveyt tərəfini isə tədbirdə 20-yə yaxın sahibkar təmsil edib.
2011-ci ilin yanvar ayının 10-da Küveytdə Azərbaycan Respublikası və Küveyt Dövləti hökumətləri arasında əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası, 13-14 fevral 2013-cü il tarixində isə Bakı şəhərində ikinci iclası keçirilib.
İki ölkə arasında ticarət dövriyyəsinin, ixracın və idxalın həcmi (min ABŞ dolları)
İllər |
Ticarət dövriyyəsi |
İdxal |
İxrac |
2018 |
1858.58 |
619.88 |
1238.70 |
2019 |
3 492.17 |
3 255.72 |
236.45 |
2020 |
332.63 |
76.81 |
255.82 |
2021 |
494.8 |
288.3 |
206.5 |
2022 |
753.7 |
174.5 |
579.2 |
2023 |
656.97 |
197.44 |
459.53 |
Azərbaycandan Küveytə əsas ixrac malları (AR Dövlət Statistika Komitəsinin məlumatı):
- çay məhsulları, meyvələrdən cemlər, meyvə jelesi və mürəbbələr, meyvə püreləri və pastaları, tropik meyvə şirələri, kaolin və kaolin gilləri, reaktiv mühərriklər üçün kerasin yanacağı, ətir və tualet suyu, polipropilen sintetik, qaldırıcı və boşaldıcı qurğular və s.
Küveytdən Azərbaycana əsas idxal malları (AR Dövlət Statistika Komitəsinin məlumatı):
- Şalğam, yem çuğunduru, ot, yonca və digər yem məhsulları, stirol, etilenqlikol, plastik mallar, yedək və yarımyedək sisternlər
Hüquqi baza:
- “Azərbaycan Respublikası ilə Küveytin “Ərəb İqtisadi İnkişaf Fondu” arasında Ələt-Qazıməmməd yüksək sürətli yolunun bərpası üçün kreditin ayrılması haqqında Saziş”: Bakı şəhəri, 15 may 1997-ci il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın yaradılması haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gəlir və əmlaklara görə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması üzrə əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ticarət Sazişi”: Əl-Küveyt şəhəri, 10 fevral 2009-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt, 10 fevral 2009-cu il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş”: Əl-Küveyt şəhəri, 10 yanvar 2011-ci il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın ikinci iclasının Protokolu”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım və əməkdaşlıq haqqında Saziş”: Bakı şəhəri, 14 fevral 2013-cü il.
- “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Hava əlaqəsi haqqında Saziş”: 16 noyabr 2016-cı ildə Bakıda imzalanmışdır.