2016-01-12

Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah Azərbaycanın Küveytdəki səfiri Tural Rzayevi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

 Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah 12 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri kimi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar səfir Tural Rzayevi qəbul edib.

Görüş əsnasında, dövlət başçısı Küveyt ilə Azərbaycan arasında istər ikitərəfli əsaslarda, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu bildirdi, əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu, münasibətlərimizin gələcək illərdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Daha sonra, Əmir Şeyx Sabah Əl-Əhməd AR Prezidenti cənab İlham Əliyevə səmimi salamlarının və bütün Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş etdi, səfirə gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Tural Rzayev, öz növbəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən Əmir Şeyx Sabah Əl-Əhmədə və dost Küveyt xalqına ünvanladığı salamları və xoş arzuları çatdırdı,  Respublika rəhbərliyinin iki ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi.

Daha sonra, səfir Küveyt Dövlətinin beynəlxalq təşkilatlar çərçivəsində  Respublikamızın ədalətli mövqeyinə göstərdiyi dəstəyə görə şəxsən Əmir Şeyx Sabah Əl-Əhmədə və ümumilikdə Küveyt xalqına minnətdarlığını bildirdi.

Tural Rzayev Küveyt Dövlətində diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Küveyt Dövləti Baş nazirinin birinci müavini, Xarici işlər naziri Şeyx Sabah Xalid  Əl-Haməd Əl-Sabahla görüşmüşdür.

Görüş əsnasında, Şeyx Sabah Əl-Xalid Küveyt rəhbərliyi və xalqının Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğuladı. Həmçinin, 2013-cü ildə Azərbaycana səfərindən  söhbət açaraq, səfər zamanı AR Xarici işlər naziri cənab Elmar Məmmədyarovla  görüşünün ona xoş təəssüratlar bəxş etdiyini və bu görüşü məmnuniyyətlə xatırladığını bildirdi və səmimi salamlarının və arzularının  azərbaycanlı həmkarına  çatdırılmasını xahiş etdi. Eyni zamanda, səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzuladı.

Səfir  T. Rzayev ikitərəfli münasibətlərin yüksək səviyyəsindən söhbət açaraq, AR rəhbərliyinin Küveytlə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  Küveyt Dövlətinə həyata keçirdiyi rəsmi səfərini xatırladaraq, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi və qarşılıqlı faydalı əlaqələrin inkişafına  güclü təkan  verdiyini qeyd etdi. Daha sonra, Küveyt Dövlətinin  Respublikamızın ədalətli mövqeyinə göstərdiyi daimi dəstəyə  görə minnətdarlığını  ifadə  etdi.

Ölkədə diplomatik fəaliyyətinin bitməsi ilə əlaqədar Küveyt  XİN-də səfir Tural Rzayevin şərəfinə vida ziyafəti təşkil olundu.  Ziyafətdə  XİN  rəhbərliyi  və ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri  iştirak etdi.

Görüşlər  Küveyt KİV-də geniş şəkildə işıqlandırılmışdır.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi    

Əl-Küveyt şəhəri

 

 

 

Arxiv üzrə axtarış