2016-07-18

2016-cı ilin 18 iyul tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfiri Elxan Qəhrəman Küveyt Dövləti Parlamentinin Sədri Mərzuq Əl-Ğanim ilə nəzakət görüşü keçirmişdir.

İlk öncə Səfir E.Qəhrəman səmimi qəbula görə Parlament Sədrinə dərin təşəkkürünü bildirmiş, diplomatik fəaliyyəti barədə məlumat verərək, Küveytdən öncə Birləşmiş Ərəb Əmirliklərində Fövqəladə və Səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin fevral ayından isə bu ölkədə diplomatik missiyaya başladığını diqqətə çatdırmışdır. Küveytdə diplomatik fəaliyyəti dövründə iki ölkə arasında siyasi, iqtisadi sahələrlə yanaşı parlamentlərarası əlaqələrin də yüksək səviyyədə inkişaf etdirilməsi məqsədilə var gücü ilə çalışacağını vurğulamışdır.

Küveyt Dövləti Parlamentinin Sədri Mərzuq Əl-Ğanim Səfir E.Qəhrəmanı ölkəsinə təyinatı münasibətilə təbrik etmiş, ona məsuliyyətli fəaliyyətində uğurlar arzulamış, Küveytə dost və qardaş olan Azərbaycan ilə ölkəsinin bütün istiqamətlərdə əlaqələrin inkişafına önəm verdiyini bildirmişdir.

Səfir E.Qəhrəman iki ölkə arasında əlaqələrin tarixindən bəhs edərək, Sovet İttifaqının süqutundan sonra Küveyt Dövlətinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasında olduğunu, müstəqilliyin ilk illərində Respublikamızın qarşılaşdığı problemlərdən, xüsusən də Ermənistanın ölkəmizə ərazi iddiaları ilə bağlı təcavüzü səbəbindən meydana gələn problemlərin həllində istər Azərbaycana göstərilən humanitar yardıma,  istərsə də beynəlxalq təşkilatlarda dəstəyə görə təşəkkürünü bildirmişdir.

Göstərilənlərlə yanaşı, Səfir E.Qəhrəman söhbət zamanı M.Əl-Ğanimə Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun  salamlarını çatdırmış, iki ölkə arasında parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsindən söz açmış, bunun sürətləndirilməsi üçün hər iki ölkənin Parlament Sədrlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin vacibliyini vurğulamışdır, həmkarının ölkəmizə səfəri ilə bağlı dəvətinin qüvvədə qaldığını qeyd etmiş və onu təkrarən Respublikamıza dəvət etmişdir.

   Parlament Sədri M.Əl-Ğanim onun da salamlarının həmkarı cənab O.Əsədova çatdırılmasını xahiş etdi, təkrar dəvətə görə təşəkkürünü bildirərək, qısa zaman ərzində Respublikamıza səfərinin reallaşacağını, bu məqsədlə müvafiq tədbirlərin həyata keçirilməsi üçün göstəriş verəcəyini bildirmiş və səfərin təfərrüatları barədə ən yaxın vaxtda Səfirliyimizin məlumatlandırılacağını  qeyd etmişdir.

Səfir E.Qəhrəman sonda səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Küveyt Dövləti Parlamentinin Sədri Mərzuq Əl-Ğanuimə bir daha təşəkkürünü bildirmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt

Arxiv üzrə axtarış