Azərbaycan Respublikasının Ddövlət Müstəqilliyinin 25-ci ildönümünün bərpası münasibətilə silsilə tədbirlər
Bildiririk ki, 2016-cı ilin 19-20 oktyabr tarixlərində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən silsilə tədbirlər həyata keçirilmişdir.
19 oktyabr tarixində səfirliyin ikinci katibi Mirdavud Sultanov Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsində “Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ........ uğurlu təcrübənin oxunuşu” mövzusunda mühazirə oxumuş, tədbir çərçivəsində kitab sərgisi təşkil olunmuşdur.
Küveyt Dövlət Universitetinin Sosial elmlər fakültəsinin dekanı professor Hamoud F.Əl-Qaşan tədbiri açıq elan edərək, 29-30 sentyabr 2016-cı il tarixlərində ölkəmizdə keçirilən V Bakı Beynılxalq Humanitar Forumunda iştirak etdiyini və Azərbaycana səfərinin xoş təəssüratların yaddaşından silinməyəcəyini bildirmişdi. Dekan Səfirlik və Sosial elmlər fakültəsi arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən söhbət açaraq, bu kimi tədbirlərin tez-tez təşkil olunmasının zəruriliyini vurğulamışdı. H.Əl-Qaşan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədə bütün sahələr üzrə uğurlar əldə edildiyini bildirdi və Prezident İlham Əliyevin Azərbaycan xalqının istək və arzularının həyata keçirilməsi və Azərbaycanın dünya ölkələri arasında öz layiqli yerini tutması üçün bütün səylərini səfərbər etdiyini vurğulamışdı. Professor ölkəmizin turizm potensialından söhbət açaraq, Azərbaycan xalqının qonaqpərvər, mehriban və gülərüz bir xalq olduğunu diqqətə çəkərək, bu xususiyyətlərin ölkəmizdə turizmin bütün növlərinin inkişafına müsbət təsir edəcəyini vurğulamışdır. Dekan eyni zamanda tədris ilini müvəffəqiyyətlə başa vuran tələbələrin fakültənin hesabına Azərbaycana göndərəcəyinə söz vermişdi.
M.Sultanov çıxışında 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi, Müsəlman Şərqinin ilk demokratik Respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycanın müstəqilliyini yenidən bərpa etdiyi haqda məlumat verərək, Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna şərait yaradan problemlərin müstəqil Azərbaycan Respublikasının da qarşısına çıxdığı vurğuladı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin işğal etməsini iştirakçıların diqqətinə çatdırmışdı.
Müstəqilliyin bərpasının ilk illərində yaranmış belə bir çətin zamanda Azərbaycan xalqının israrı ilə ölkə rəhbərliyinə qayıtmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikliyi və bacarığı sayəsində Azərbaycanın qısa müddət ərzində problemləri arxada qoyaraq davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirdi. Ümummilli Liderin uzaqgörən siyasəti və əvəzsiz xidmətlərinin nəticəsi olaraq mərkəzi hakimiyyətin gücləndiyi, Azərbaycanda iqtisadi islahatlara start verildiyi, xarici siyasət prioritetlərinin müəyyən edildiyi, Azərbaycanın müasir dünyəvi dövlət kimi öz inkişafına başladığı, məhz o illərdə ölkəmizin gələcəyi ilə bağlı strateji addımların atıldığı, beynəlxalq əlaqələrin genişləndiyi, Ermənistanla atəşkəs sazişinin imzalanmasına nail olunduğu, ölkədə demokratikləşmə prosesinin başlandığı, “Əsrin müqaviləsi”nin imzalandığı, Azərbaycanın yeni neft strategiyasının əsasının qoyulduğunu vurğulamışdı.
Bununla yanaşı, M.Sulatanov mühazirədə Ümummilli lider Heydər Əliyevin siyasi irsinə sadiq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğunu qeyd etmışdi, gənclər siyasəti, elm, təhsil və “qara qızıl”ın insan kapitalına çevrilməsi istiqamətində hökumətin həyata keçirdiyi ardıcıl tədbirlər və s. bir çox məsələlər barədə iştirakçılara müfəssəl məlumatlar vermışdi.
Cari ilin sentyabr ayında Azərbaycanda keçirilmiş ümumxalq səsverməsindən sonra Konstitusiyaya edilən əlavə və dəyişikliklərin xüsusilə gənclərin siyasətdə iştirakını genişləndirmək məqsədi daşıdığını, gənclərin cəmiyyətdəki rolunun artırılması və onların siyasi həyatda fəal iştirakının təmini üçün şərait yaratdığını vurğulamışdı.
Həmçinin, ölkəmizin son illərdə beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyini nəzərə çatdıraraq, artıq 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin, 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə ilk dəfə Azərbaycanda Formula-1 üzrə Avropa Qran-pri yarışlarının uğurla keçirildiyini və növbəti ildə "Bakı 2017" İslam Həmrəyliyi Oyunları keçiriləcəyi barədə geniş məlumat vermişdi.
Daha sonra tədbir mühazirə ətrafında çoxsaylı suallarla davam etdirilmişdi.
Eyni zamanda bilidiririk ki, 20 oktyabr tarixində səfirlikdə Küveytdə yaşayan, işləyən və təhsil alan vətəndaşlarımızın, həmçinin Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələrinin, türk icmasının, habelə yerli KİV nümayəndələrinin iştirakı ilə təntənəli bayram tədbiri keçirildi.
Tədbirdə Səfir Elxan Qəhrəman çıxış edərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə iştirakçıları təbrik etdi və iyirmi beş il bundan əvvəl - 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetinin Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdiyini, Azərbaycanın XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşduğunu və 1918-ci ildə müsəlman aləmində ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu qeyd etmişdi.
Eyni zamanda, səfir 1990-cı ildə ulu öndər Heydər Əliyev müstəqillik yolunda çox önəmli və ciddi addımlar atdığını, 20 Yanvar faciəsindən sonra Ulu öndərin sovet rəhbərliyini pisləmiş birinci şəxs olduğunu, Qanlı Yanvar faciəsini törədənlərə qarşı öz iradlarını irəli sürdüyünü bildirərək, sovet hökumətini, onun rəhbərinin fəaliyyətini pislədiyini vurğuladı. Bundan sonra, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi 1990-cı ilin noyabr ayında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək, “Sovet Sosialist” sözlərini oradan çıxardığını, Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanın dövlət bayrağı kimi elan etdiyini diqqətə çatdırmışdı.
Çıxışının sonunda Səfir E.Qəhrəman Azərbaycan xalqının gələcəkdə də bu yolla gedəcəyini, müstəqil siyasət aparacağını, ölkəmizin xalqın iradəsi əsasında irəli gedəcəyini, müstəqilliyimizin dönməz, əbədi olduğunu vurğulayaraq, müstəqilliyimizin möhkəmlənməsində başda cənab Prezident İlham Əliyev olmaqla bütün xalqımıza yeni-yeni uğurlar arzulamışdı.