2017-02-26

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanmış “Xocalı soyqırımı” kitabı təkrar nəşr olunmuş, eyni zamanda, 1992-ci ildə Xocalıda törədilən soyqırımı əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində DVD variantının çoxaldılaraq Küveyt Xarici İşlər nazirliyi ilə yanaşı, digər dövlət, hökumət qurumlarına, Millət Məclisinə (parlament), ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir. Bununla yanaşı Küveyt mətbuatında  yayımlanması məqsədilə Səfir Elxan Qəhrəmanın Xocalı soyqırımına həsr edilmiş ərəb dilində müsahibəsi bir sıra kütləvi informasiya vasitələrinə göndərilmişdir.

Eyni zamanda, Xarici İşlər Nazirliyi tərəfindən nəşr edilən Diplomatiya Aləmi jurnalının Xocalı Soyqırımı və bu soyqırımı tanıyan ölkələrlə bağlı xüsusi buraxılışı pdf. formatda, həmçinin “Xocalıya Ədalət Beynəlxalq Kampaniyası” beynəlxalq ictimai birliyi tərəfindən Xocalı soyqırımının tarixi və onun beynəlxalq ictimaiyyət tərəfindən tanınması haqqında məlumatlar və “İRS” jurnalından əldə olunmuş məqalələr ölkədə akkreditə olunmuş bütün səfirliklərə və beynəlxalq təşkilatlara, dövlət və hökumət qurumlarına göndərilmişdir.

Yuxarıda göstərilənlərlə yanaşı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın Xocalı Soyqırımının  25-ci ildönümü ilə əlaqədar Bəyanatı Küveytin Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş Səfirliklərə və Beynəlxalq Təşkilatlara göndərilmişdir. Həmçinin Soyqırımın 25-ci ildönümü ilə bağlı Qafqaz müsəlmanları idarəsinin Sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri M.Yevdayev və Azərbaycandakı Alban-udin xristian icmasının sədri Robert Mobilinin “Dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq təşkilatlara və insan hüquqları üzrə Avropa Məhkəməsinə” ünvanlanmış birgə Müraciəti Küveyt dövlətinin Vəqflər və İslam Məsələləri Nazirliyinə və əlaqədar dini qurumlara çatdırılmışdır.  

Fevralın 21-də Küveytdə Marina mehmanxanasının “Six Palms” zalında  Küveytdə yaşayan, çalışan və təhsil alan Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və Şimali Kipr Türk Respublikasının Küveytdə akkreditə olunmuş səfirləri və səfirliyin əməkdaşları, Küveyt Ədliyyə və Vəqflər Nazirinin dini məsələlər üzrə sabiq müavini Adil Abdulla Əl-Fəlah, Küveyt Universitetinin Sosial Elmlər Fakültəsinin dekanı və müəllim heyəti, Küveytin ictimai-siyasi dairələrinin xadimləri, Küveyt iş adamları, Misir Ərəb Respublikasının Küveytdəki Mədəniyyət Mərkəzinin direktoru və Mərkəzin əməkdaşları, türk diaspora təşkilatının nümayəndələri, Küveyt-Türk orta Məktəbinin müəllim kollektivi, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələri və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 25-ci ildönümü münasibətilə  anım mərasimi keçirilmişdir.

Anım mərasimini giriş sözü ilə açaraq Səfir Elxan Qəhrəman Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra çıxış edərək, son yüzilliklərdə, hətta sovet dönəmində belə dəfələrlə erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasətinin həyata keçirildiyini bildirmişdir.  Bu mənfur siyasətin davamı olaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin o zaman sovet ordusunun Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırım aktı ümumən bəşərə, insanlığa qarşı ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunduğunu, həmin qanlı aksiya zamanı içərisində uşaqların, qadınların və qocaların da olduğu 613 nəfər azərbaycanlının xüsusi qəddarlıqla qətlə yetirildiyini, bu kütləvi qırğın zamanı 8 ailənin tamamilə məhv edildiyini, 25 nəfər uşağın hər iki valideynindən və 130 nəfər uşağın isə valideynlərinin birindən məhrum olduğunu diqqətə çatdırmışdır.  Eyni zamanda 487 nəfər soydaşımızın ağır xəsarətlər aldığını, 1275 nəfərin girov götürüldüyünü onlardan 150 nəfərinin taleyinin hələ də məlum olmadığını və Xocalı şəhərinin ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edildiyini qeyd etmişdir. 

Səfir, Azərbaycana qarşı təcavüzü davam etdirən Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etdiyini, nəticədə 1 milyondan artıq azərbaycanlının doğma yurd-yuvalarından didərgin düşdüyünü, bu münaqişə zamanı 20 min soydaşımızın öldürüldüyünü, xeyli sayda azərbaycanlının əlil olduğunu qeyd etmişdir. O,  Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başladıldığını vurğulayaraq, hələ 1994-cü ildə Ulu öndərimizin təşəbbüsü ilə Milli Məclisin “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edildiyini bildirdi və həmin vaxtdan etibarən 26 fevral gününün – “Xocalı soyqırımı və milli matəm günü” kimi qəbul olunduğunu və bütün beynəlxalq təşkilatların  bu barədə  məlumatlandırıldığını  diqqətə  çatdırmşdır.

Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutduğunu bildirərək, dövlət başçısının bu istiqamətdə bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirdiyini qeyd etmişdir.

Səfir Elxan Qəhrəman Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən də olduqca fəal və məqsədyönlü işlərin aparıldığını  bildirmişdir. Nəticədə Xocalı soyqırımının bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanındığını, bu vaxtadək, 10-dan çox ölkə və ABŞ-nın  bir  çox ştatları tərəfindən müvafiq parlament qətnamələrinin qəbul edildiyini diqqətə çatdırmışdır.

Türkiyə Respublikasının Küveytdəki Səfiri Murat Tamer çıxış edərək, Xocalıda erməni vandalları tərəfindən qətlə yetirilən vətəndaşlarımıza allahdan rəhmət diləmiş, bu qətliamın XX əsrin ən qanlı hadisələrindən biri olduğunu vurğulamış, Türkiyənin çətin günlərində Azərbaycanın ölkəsinin yanında olduğu kimi ölkəsinin və xalqının  da daim Azərbaycanın çətin günlərində onun yanında olduğunu qeyd etmişdir. Sonra o, erməni cəlladlarının XIX əsrin sonlarından bəri Azərbaycan və Türkiyə xalqlarına qarşı həyata keçirdikləri qanlı cinayətlərdən söz açmış, təcavüzkar Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı qaldırdığı iddiaların  əsasız olduğunu diqqətə çatdırmışdır.

Eyni zamanda anım mərasimində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin Sədri Könül Hacıyeva çıxış edərək,  1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açmışdır. Həmçinin,  ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 

Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa etmiş, Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuş, həmçinin Xocalı soyqırımı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini əks etdirən müxtəlif təbliğat materialları və fotostendlə tanış olmuşlar

Arxiv üzrə axtarış