“31 mart - Azərbaycanlıların soyqırımı günü” ilə bağlı Səfir Elxan Qəhrəmanın məqaləsi
Küveytdə gündəlik ərəb dilində yüksək tirajla nəşr edilən və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 30 mart tarixli buraxılışında “31 mart - Azərbaycanlıların soyqırımı günü” ilə bağlı Səfir Elxan Qəhrəmanın məqaləsi dərc edilmişdir.
Məqalədə ilk öncə Səfir Elxan Qəhrəmanın Küveyt və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olduğu bildirilir, bütün istiqamətlərdə əlaqələrin inkişaf etdirildiyi vurğulanır və Küveytin Azərbaycan üçün dost və əhəmiyyətli tərəfdaş olduğu , hə iki ölkənin beynəlxalq təşkilatlarda daim qarşılıqlı dəstək göstərdiyi qeyd olunur.
Sonra məqalədə 31 mart-Azərbaycanlıların soyqırımından bəhs edilərək, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmana əsasən hər il bu tarixinin Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilmiş və ətraflı məlumat verilmişdir.
Məqalədə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin araşdırılması imkanı əldə etdiyi, o dövrdə uzun illər gizli saxlanılan həqiqətlərin və saxtalaşdırılmış faktların üzə çıxarıldığı qeyd olunur.
“Böyük Ermənistan” yaratmaq xülyasının gerçəkləşdirilməsi məqsədilə 1813-cü və 1828-ci illərdə Gülüstan və Türkmənçay müqavilələrinin imzalandığı tarixdən başlayaraq Azərbaycan sərhədlərinin dəyişdirildiyi, Azərbaycan torpaqlarının zəbt edildiyi, ermənilərin kütləvi surətdə həmin ərazilərə köçürüldüyü və soyqırımı siyasətinin Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildiyi vurğulanır.
1905-1907-ci illərdə erməni qəsbkarlarının Azərbaycanlılara qarşı həyata keçirdikləri Bakıdan başlanan və bütün Azərbaycanı, habelə indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edən genişmiqyaslı qanlı aksiyalar nəticəsində yüzlərlə yaşayış məntəqəsinin yerlə yeksan edildiyi, minlərlə azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi bildirilir.
Eyni zamanda, 1917-1918-ci illərdə ermənilərin öz iddialarını həyata keçirmək məqsədilə minlərlə Azərbaycanlını qətlə yetirdikləri, tarixi abidələri, məscidləri, məktəbləri və xəstəxanaları yandırdıqları qeyd olunur.
Daha sonra, ermənilərin 1947-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən Ermənistandan azərbaycanlı əhalinin Azərbaycan ərazilərinə köçürülməsi haqqında qərarın qəbul edilməsinə və 1948-1953-cü illərdə Azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına nail olduqları vurğulanır.
Sonda, Azərbaycan xalqının ümummilli Lideri Heydər Əliyev tərəfindən verilmiş bu qərarın Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinin anılması üçün əhəmiyyətli bir qərar olduğu, şəhidlərin xatirəsinin və tarixdə göstərdikləri qəhrəmanlıqların əbədiləşdirilməsi üçün vacib bir addım olduğu bildirilir.