Səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir Mübarək Əl-Haməd Əl-Sabahla görüşü
29 mart 2018-ci il tarixində səfir Elxan Qəhrəman Küveyt Dövlətinin Baş naziri Şeyx Cabir Mübarək Əl-Haməd Əl-Sabahla görüşmüşdür.
Görüşdə Azərbaycan Respublikası rəhbərliyinin Küveytlə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət verdiyini qeyd edən E. Qəhrəman ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin daha da inkişafı üçün münbit şərait yaratdığını bildirdi. Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, mövcud əlaqələrin yaranması və inkişafında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğuladı.
Səfir Ümummilli lider tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmə inteqrasiyasından, Dağlıq Qarabağ problemindən, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün Respublikamızda mövcud sabit siyasi və ictimai durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, ölkəmizin elmi-texniki potensialı, inkişaf etmiş iqtisadiyyatı, əldə olunmuş digər mütərəqqi nailiyyətlər barədə də müsahibinə ətraflı məlumat verdi. Qeyd olunanların iki ölkə arasında mövcud əlaqələrin hərtərəfli inkişafında oynadığı rolu qeyd etdi.
Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin namizədliyinin Beynəlxalq Sərgilər Bürosuna təqdim edildiyi barədə Küveyt Baş nazirinə məlumat verdi.
Həmçinin, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir, ölkəmizin taleyüklü problemi olan Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Küveyt Dövlətinin Respublikamıza göstərdiyi siyasi dəstəyə görə ölkə rəhbərliyinə və xalqına minnətdarlığını bildirdi
Öz növbəsində, Şeyx Cabir Əl-Sabah Küveyt rəhbərliyi və xalqının Azərbaycan Respublikası ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayaraq, AR Prezidenti cənab İlham Əliyevin və Küveyt Əmiri Şeyx Sabah Əl-Əhmədin qarşılıqlı səmimi münasibətlərinin iki dost ölkə arasında əlaqələrin inkişafında mühüm rolunu qeyd etdi. Azərbaycana, ölkə rəhbərliyinə və xalqımıza bəslədiyi səmimi ehtiram hisslərini ifadə etdi. AR-lə əlaqələrin bundan sonra da inkişafına öz tərəfindən yardım etməyə hazır olduğunu bildirdi.
Azərbaycan Respublikasının
Küveyt Dövlətindəki Səfirliyi
Əl-Küveyt şəhəri