2018-09-21

Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır

Azərbaycan xalqını parlamentin yaradılmasının 100 illiyi münasibətilə Küveyt xalqı adından səmimi qəlbdən təbrik edirəm. Biz Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar çərçivəsində daim Küveytin hüquqlarını dəstəkləyən mövqedən çıxış etməsini heç vaxt unutmayacağıq. Azərbaycan hər zaman prinsipial mövqe tutaraq bizi dəstəkləyib. Bunun bariz nümunəsi kimi, BMT Təhlükəsizlik Şurasına üzvlüyümüzü dəstəkləməsini göstərmək olar. Buna görə də hazırda qardaşlarımızın və dostlarımızın əhatəsində olmaqdan şərəf duyuruq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Küveyt Millət Məclisinin sədri Mərzuq əl Ğanim bildirib.

İki ölkə arasındakı əlaqələrdən danışan Küveyt Millət Məclisinin sədri qeyd edib ki, Azərbaycan ilə Küveyt arasında son illər siyasi, iqtisadi və mədəni sahələrdə mühüm nailiyyətlər əldə olunub. Ancaq əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var. “Biz həssas və müstəsna coğrafi mövqeyə malik, Şərq ilə Qərb arasında iqtisadi və mədəni körpü rolunu oynayan Azərbaycan kimi mühüm ölkə ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq. Azərbaycan kimi mühüm dövlətlə əlaqələrin inkişafı müstəsna əhəmiyyət kəsb edir. Hər şeydən öncə Azərbaycan bir çox sahələrdə mühüm nailiyyətlər əldə edən dövlətdir. Sevindirici haldır ki, keçən il Azərbaycana 20 min küveytli səfər edib. Lakin biz bu rəqəmin iki dəfə artırılması əzmindəyik. Bu, iki ölkə arasında ticarət dövriyyəsinə və investisiya qoyuluşuna müsbət təsir göstərəcək. Eyni zamanda, iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın intensivləşdirilməsi əzmindəyik. Həmçinin gənclər və idman sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq”, - deyə Küveyt Millət Məclisinin sədri vurğulayıb.

O qeyd edib ki, Küveyt Millət Məclisi Azərbaycan Milli Məclisi ilə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. İstər beynəlxalq parlament təşkilatları çərçivəsində, istərsə də parlamentlərarası dostluq qrupları müstəvisində əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur.

Arxiv üzrə axtarış