2018-10-17

Küveytli ekspert Azərbaycan turizmi ilə bağlı yeni bələdçi kataloqu hazırlayıb

Oktyabrın 17-də Azərbaycanın Küveytdəki səfiri Elxan Qəhrəman Ərəb Turizm Təşkilatının elektron turizm üzrə eksperti, küveytli bloqqer Xalid Əl-Vəsmi ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xalid Əl-Vəsmi ölkəmizin turizminə dair ərəb dilində hazırladığı 40 səhifəlik rəngli illüstrasiyalı bələdçi kataloqunu səfirə təqdim edib. O, ölkəmizə gələn turistlər üçün zəngin informasiya mənbəyi olan və müasir tərtibatda nəşr edilən bu kataloqda Bakı, Şəki, Quba, Qusar, Qəbələ və Gəncə şəhərlərinin məşhur turizm istiqamətləri, küçə, prospekt, meydanları, şəhər və şəhər ətrafında yerləşən görməli yerləri, tarixi məkanları, mədəniyyət ocaqları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə məkanları, muzeylər, teatr və konsert müəssisələri, idman və sərgi kompleksləri haqqında məlumatların yer aldığını bildirib.

Görüşdə, həmçinin Xalid Əl-Vəsmi hazırladığı “Azərbaycanın interaktiv turizm xəritəsi-2018” adlı yeni banneri səfirliyə təqdim edib. Bannerin ilk variantı səfirliyə cari il martın 15-də təqdim edilmişdi. Küveytli ekspert Azərbaycanın interaktiv xəritəsində ölkənin ən mühüm turistik məkanları, mehmanxanalar, restoranlar, ticarət və əyləncə mərkəzləri, eləcə də ölkəmiz haqqında PDF formatında bütün məlumatların yer aldığını söyləyib. O, xəritənin ingilisdilli variantının 150 min, ərəb dilində olan versiyasının isə 400 mindən çox izləyicisinin olduğunu bildirib, xəritənin üzərində əks olunan barkodların ya mobil telefonun kamerası və yaxud snəpçat vasitəsilə açılmasının mümkün olduğunu deyib.

Səfir E.Qəhrəman Azərbaycan turizminin təbliği istiqamətində gördüyü işlərə görə Xalid Əl-Vəsmiyə təşəkkür edib. O, ölkəmizin turizm imkanları barədə məlumat verərək, iki ölkə arasında turizm sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Diplomat, həmçinin ölkəmizin turizmi haqqında daha ətraflı məlumatların əldə olunması, habelə Azərbaycanın turizm sahəsinin Küveytdə təbliği və ölkələrimiz arasında bu sahədə əlaqələrin daha da gücləndirilməsi məsələləri ilə bağlı müzakirələr aparmaq məqsədilə həmsöhbətinə Azərbaycana səfərə etməyi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyində müvafiq görüşlər keçirməyi tövsiyə edib.

https://azertag.az/xeber/Kuveytli_ekspert_Azerbaycan_turizmi_ile_bagli_yeni_beledchi_kataloqu_hazirlayib-1205508

 

 

 

Arxiv üzrə axtarış