Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü Küveytdə qeyd edilib
Dekabrın 12-də Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə səfirliyin əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, türk icmasının üzvləri, Küveyt Universitetində təhsil alan türkdilli ölkələrin tələbələri, ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər.
Anım mərasimini açan səfir Elxan Qəhrəman müasir müstəqil dövlətimizin qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışıb. O, Ümummilli lider Heydər Əliyevin çox maraqlı, mürəkkəb, zəngin, keşməkeşli bir ömür yolu keçdiyini, həyatın bütün çətinliklərindən qalib çıxdığını, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəldiyini qeyd edib. O, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi ümummilli lider Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu vurğulayıb. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladığını və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirib.
Səfir 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin siyasət aləmində çox güclü, səriştəli və təcrübəli, müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdığını, kiçik bir ölkə olan Azərbaycanın Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildiyini deyib. Ulu Öndərin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyinin formalaşdığı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibətinin dəyişdiyi, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapdığı, habelə təməli Ulu Öndərimiz tərəfindən qoyulmuş daxili və xarici siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi, hazırda Azərbaycan xalqının onun rəhbərliyi ilə demokratiya, sülh və tərəqqi yolu ilə irəlilədiyi mərasim iştirakçılarının diqqətinə çatdırılıb.
Səfirlikdə Ulu Öndərin xatirəsinə həsr olunmuş fotosərgi, onun həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları müasir Azərbaycanın banisi Heydər Əliyev barədə sənədli filmə baxıblar.
Qeyd edək ki, Küveytin geniş oxucu kütləsinə malik "Əl-Nahar" qəzeti və “Dasman news” elektron qəzeti ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı məqalə yayıb.
Məqalədə Küveyt ictimaiyyəti Ümummilli Liderin zəngin həyat yolu və fəaliyyəti barədə məlumatlandırılıb. Ulu Öndərin həyatı və tarixi fəaliyyətindən bəhs edilib, müasir Azərbaycanın bütün sahələrdə, siyasi, iqtisadi və mədəni həyatında nail olduğu inkişafın Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olduğu bildirilib. Habelə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı dövrdə Azərbaycanın iqtisadi-siyasi cəhətdən inkişaf edərək SSRİ ölkələri arasında daha çox inkişaf edən ölkələrdən birinə çevrildiyi vurğulanıb. Siyasi Büroda yeganə müsəlman lider olan Ulu Öndərin ərəb və İslam dünyasının dostu kimi ərəb dünyası problemlərinin ədalətli həllinin əzmli tərəfdarı olduğu qeyd edilib, onun Dövlət Təhlükəsizlik Komitəsində, Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı dövrlərdə tarixi fəaliyyəti barədə məlumat verilib. Heydər Əliyevin fəaliyyəti dövründə 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olunduğu, Azərbaycan həqiqətlərinin, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin dünya ictimaiyyətinə çatdırıldığı qeyd olunub.
Həmçinin məqalədə ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanda həyata keçirilən uğurlu siyasət nəticəsində ictimai, iqtisadi sabitliyə nail olunduğu və Azərbaycan iqtisadiyyatının inkişafında yeni mərhələnin başlandığı vurğulanıb. Ölkədə iqtisadi və siyasi sahələrdəki inkişafın, eləcə də sosial problemlərin həllinin Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. 1993-cü ildə Heydər Əliyev Azərbaycanın Prezidenti seçilən zaman ölkənin ən ağır böhran vəziyyətini yaşadığı, lakin onun rəhbərliyi ilə Azərbaycanın tezliklə iqtisadi böhrandan çıxmağı bacardığı və 1996-cı ildən etibarən isə ölkədə iqtisadiyyatın canlanma dövrünün başlandığı, iqtisadi islahatların ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verdiyi diqqətə çatdırılıb. Əsası Ümummilli Lider tərəfindən qoyulan və onun rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin respublikanın ümumi inkişafında mühüm rol oynadığı, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalandığı qeyd edilib. Məqalədə Azərbaycanın bu gün Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dinamikasında heç zaman əldə etmədiyi yüksəlişlə irəlilədiyi, dövlət başçısının uzaqgörən və müdrik xarici siyasəti nəticəsində regionun lider ölkəsinə çevrildiyi, bu gün bölgənin bir çox məsələlərində həlledici rol oynadığı, öz uğurlarının və sərvətlərinin bəhrəsini əməkdaşlıq etdiyi ölkələrlə də paylaşdığı diqqətinə çatdırılır.