Feysəl Xəlifə Əl-Savvağ: Xocalı faciəsi tarixdə törədilmiş ən dəhşətli soyqırımı cinayətlərindən biridir
Küveyt Elektron Media Birliyinin idarə heyətinin sədri Feysəl Xəlifə Əl-Savvağ Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Dasmannews" elektron qəzetində "Biz ərazi bütövlüyünün bərpa olunmasında və regional təhlükəsizliyin qorunmasında Azərbaycan Respublikasını dəstəkləyirik” adlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyindən məlumat verilib.
Feysəl Xəlifə Əl-Savvağ Xocalı faciəsinin tarixdə törədilmiş ən dəhşətli soyqırımı cinayətlərindən biri və insanın törətdiyi müharibə cinayətlərindən ən iyrənci olduğunu bəyan edib. O, erməni silahlı qüvvələrinin törətdiyi cinayətlərin qurbanına çevrilmiş günahsız insanların və amansızlığa məruz qalmış Xocalı qurbanlarının xatirəsini anıb, Xocalı faciəsinin bəşəriyyət tarixinə utanc gətirən ləkə olduğunu qeyd edib.
Elektron Media Birliyinin idarə heyətinin sədri günahsız insanların qurbanı olduğu və yüzlərlə insanın itkin düşdüyü bu insanlıq faciəsinin törədilməsi ilə əlaqəsi olan hər kəsin cəzalandırılmasına çağırıb və xalqların hüquqlarının batmayacağını vurğulayıb.
Əl-Savvağ ərazi bütövlüyünün bərpa olunmasında və regional təhlükəsizliyin təmin olunmasında Azərbaycan Respublikasının hüquqlarının qorunmasına dəstək olacağını bildirib və bu məqsədə nail olmaq üçün bütün beynəlxalq səylərin yanında olacağını vurğulayıb.
https://azertag.az/xeber/1251437