2019-03-12

Azərbaycan-Küveyt əlaqələrinin perspektivləri müzakirə olunub

Martın 12-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın Küveytlə münasibətlərin daha da dərinləşməsinə önəm verdiyini bildirərək ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan və Küveyt müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında yaxşı əməkdaşlıq edir.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, ölkələrimiz arasında siyasi, ticari, mədəni sahələrdə yaxşı əlaqələr formalaşıb, parlamentlərarası münasibətlər də inkişaf etməkdədir. Bu cür görüşlərin keçirilməsi əməkdaşlığın daha da genişlənməsinə töhfəsini verəcək.

Ziyafət Əsgərov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində bir milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilib.

Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Xalid Əl-Uteybi ölkələrimiz arasında yaxşı əlaqələrin olduğunu bildirərək vurğulayıb ki, Küveyt Azərbaycanın ərazi bütövlüyünü, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.

Söhbət zamanı Azərbaycan-Küveyt əlaqələrinin perspektivlərinə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

https://azertag.az/xeber/1257282

 

Arxiv üzrə axtarış