2019-12-30

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Küveytdə bayram tədbiri keçirilib

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi və bu ölkədə fəaliyyət göstərən “Vətənsevər” Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Küveytdə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə həmvətənlərimizə ünvanladığı təbrik məktubu oxunub.

Sonra tədbir iştirakçılarına bu əlamətdar günün yaranması və bu şərəfli tarixin banisi ümummilli lider Heydər Əliyevin xidmətləri barədə ətraflı məlumat verilib. İlk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan bu tarixi günün xarici ölkələrdə yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edildiyi bildirilib.

Tədbirdə Prezident İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycanın müstəqil daxili və xarici siyasət yürütdüyü, beynəlxalq nüfuzunun artdığı, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb, Qeyd edilib ki, bir çox transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan Azərbaycan dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilib.

Bayram tədbiri ziyafətlə davam edib.

Arxiv üzrə axtarış