2021-02-25

Küveyt mətbuatı: Xocalı soyqırımı XX əsrin ən dəhşətli müharibə cinayətlərindən biridir

Küveytin ərəb dilli “Dasmannews.com” xəbərlər portalında və “Al Wasat” qəzetində “Xocalı soyqırımı XX əsrin ən dəhşətli müharibə cinayətlərindən biridir” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə məşum faciənin tarixi, icraçıları və doğurduğu ağır nəticələr barədə küveytli oxuculara ətraflı məlumatlar verilib, İslam Əməkdaşlığı Təşkilatının bu faciəni soyqırımı kimi tanıyan ilk təşkilat olduğu bildirilib, eləcə də təşkilatın çoxsaylı qərar və qətnamələrinə, bəyanatlarına istinad edilib.

Həmçinin 2008-ci il mayın 8-də İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma və təbliğat kampaniyası, bu kampaniyanın dünyanın 60-dan çox ölkəsində yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilməsinin soyqırımının dünya ölkələri tərəfindən tanınması işində mühüm rol oynadığı qeyd edilib.

Türkiyə, Pakistan, Sudan, Meksika, Kolumbiya, Çex Respublikası, Bosniya və Herseqovina, Peru, Honduras, İordaniya, Cibuti, Qvatemala, Paraqvay kimi ölkələrdə hökumət və ya parlament səviyyəsində, həmçinin ABŞ-ın 20-dən çox ştatında Xocalı soyqırımının tanındığı Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb.

Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün Azərbaycanla yanaşı, Türkiyənin, Niderlandın, Almaniyanın, Bosniya və Herseqovinanın və Meksikanın müxtəlif şəhərlərində xatirə abidələrinin ucaldıldığı bildirilib.

Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Xocalı soyqırımını tanıyan və qınayan qətnamələrin qəbuluna birmənalı dəstək verdiklərinə görə Küveyt Dövləti də daxil olmaqla, bütün müsəlman ölkələrinə dərin minnətdarlıq ifadə edilib.

Faciəni işıqlandıran nüfuzlu mətbuat orqanlarının yazıları və Milli Qəhrəman Çingiz Mustafayevin videokadrlarının təkzibolunmaz faktlar olduğu vurğulanıb.

Qeyd edilib ki, müasir tariximizin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımı XX əsrin digər qətliamları ilə müqayisə edilə bilər (Holokost, Babiy Yar, Xatın və s). Beynəlxalq hüquq birmənalı olaraq bu cür cinayətləri soyqırımı kimi tanıyır və insanlığa qarşı ən ağır cinayətlər hesab edir.

Məqalədə, həmçinin Ermənistan silahlı qüvvələrinin uşaq, yaşlı, qadın demədən mülki şəxsləri hədəfə almasının bir davamlı məqsəd olduğu vurğulanıb, 1994-cü ildə atəşkəs imzalanandan sonra yüzlərlə mülki şəxsin öldürüldüyü və yaralandığı statistik rəqəmlərlə göstərilib.

Yazıda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan Vətən müharibəsinə toxunulub, Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində evlərə, müəssisələrə, məktəblərə, xəstəxanalara ziyan vurulduğu və insan itkiləri baş verdiyi bildirilib.

Azərbaycanın Ağdam, Bərdə, Füzuli, Gəncə, Goranboy, Naftalan və Tərtər rayonlarının şəhər və kəndlərinin Ermənistan hərbçiləri tərəfindən hücumlara məruz qalması, mülki şəxslərə qarşı ballistik raketlərdən və ağır artilleriyadan istifadə edilməsi barədə faktların “Human Rights Watch” təşkilatının 2020-ci il 11 dekabr tarixli hesabatında təsdiqləndiyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, mülki əhaliyə və obyektlərə qarşı hücumlar beynəlxalq humanitar hüquq normalarının, daha dəqiq desək, Ermənistanın da ratifikasiya etdiyi 1949-cu il Cenevrə Konvensiyasının və həmin Konvensiyaya əlavə Protokolun tələblərinin birbaşa pozulmasıdır.

Sonda Xocalı şəhərindən olan məcburi köçkünlərin hələ də vətənlərinə qayıtmaq üçün həsrətlə gözlədikləri, lakin həmin günün çox da uzaqda olmadığı bildirilib. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqı üçün həm böyük Qələbəni, həm də böyük Qayıdışı təmin edib.

Arxiv üzrə axtarış