2021-11-29

Küveyt Universitetində təşkil olunmuş mədəni sərgiyə dair

23-25 noyabr 2021-ci il tarixlərində Küveyt Universitetinin Sabah Əl-Səlim şəhərciyində COVİD-19 pandemiyasından sonra “tədrisə təhlükəsiz dönüş” adlı mədəni sərgi təşkil olunmuşdur. Tədbirdə Küveytin müxtəlif sektorlarını təmsil edən yerli qurumlarla yanaşı, ölkədə akkreditə olunmuş bir sıra xarici səfirliklər də iştirak etmişdir.   

Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin dəstəyi ilə sərgidə  Azərbaycan stendi qurulmuşdur. Sərgi zamanı iştirakçılara Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, turizm potensialı, sərmayə qoyuluşu imkanları barədə məlumat verilmiş, həmçinin çap materialları nümayiş etdirilərək paylanılmışdır.

Bununla yanaşı “Made in Azerbaijan” məhsullarının Küveytdə təbliği məqsədilə  ölkəmizdə istehsal olunan “Azərçay” brendinin məhsulları sərgi iştirakçılarına hədiyyə edilmişdir.

Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin 15 dekabr 2021-ci il tarixindən Bakı-Küveyt-Bakı istiqaməti üzrə reyslərinin bərpa olunması ilə əlaqədar olaraq sözügedən aviaşirkətin uçuş cədvəli və xidmətləri barədə iştirakçılara məlumat verilmişdir.

Eyni zamanda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq onun həyat və yaradıcılığı haqqında Səfirliyin dəstəyi ilə nəşr olunmuş vəsaitlər nümayiş olunaraq ziyarətçilərə təqdim olunmuşdur.

Həmçinin Azərbaycanın tarixi-mədəniyyət abidələrinə, gəzməli-görməli yerlərinə, ölkəmizin füsunkarlığını tərənnüm edən videokadrlar ölkəmiz üçün ayrılan stendin  böyük ekranında nümayiş etdirilmişdir.

Sərgini Universitetin müəllim-tələbə heyəti ilə yanaşı Küveytdə yaşayan azərbaycan icmasının üzvləri, o cümlədən Küveytin ictimaiyyət nümayəndələri ziyarət etmişlər.

Azərbaycan stendini milli geyimlərdə Azərbaycan icmasının üzvləri təmsil etmişlər və bu iştirakçılar arasında böyük maraq və rəğbətlə qarşılanmışdır. Eyni zamanda Səfirlik Universitet rəhbərliyi tərəfindən sərgidə fəal iştiraka görə sertifikat  təqdim edilmişdir.     

Arxiv üzrə axtarış