2015-01-20

20 Yanvar faciəsinin 25-ci ildönümü

Bildiririk ki, xalqımızın müstəqillik tarixində qanlı iz buraxmış 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə 20 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində səfirliyin əməkdaşları və ailə üzvləri, həmçinin Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşları, Türkiyə və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri və KİV-in iştirakı ilə anım mərasimi keçirilmişdir.

Mərasimdə Müvəqqəti İşlər Vəkili Cavid Musayev çıxış etmişdir. Çıxışda mərasim iştirakçılarına 20 Yanvar faciəsinin tarixi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları, beynəlxalq hüquq normaları kobudcasına pozularaq, M. Qorbaçovun birbaşa göstərişinə əsasən, sovet ordusu hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox şəhər və rayonuna yeridilməsi, nəticədə millətçi ermənilərin Respublikamıza qarşı bitib-tükənməyən ərazi iddialarına etiraz əlaməti olaraq öz torpaqlarının müdafiəsinə qalxmış xalqımıza vəhşicəsinə divan tutulması, yüzlərlə insanın həlak olması, yaralanması, həbs edilməsi, itkin düşməsi barədə ətraflı məlumat verilmiş, bu qanlı hadisənin və şəhidlərimizin xatirəsinin yaddaşlardan heç bir zaman silinməyəcəyi qeyd olunmuşdur. Tədbirdə 20 Yanvar, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 21 yanvar 1990-cı il tarixində Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bu dəhşətli hadisəyə münasibətini bildirən kəskin bəyanatında Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etməsi, Ulu öndərin səyləri nəticəsində 20 yanvar faciəsi barədə həqiqətlərin üzə çıxması, ölkəmizə qarşı həyata keçirilən təcavüzkar siyasətin bütün dünya qarşısında ifşa olunması xüsusilə vurğulanmışdır.

Bununla yanaşı, səfirliyin foyesində 20 Yanvar 1990-cı il faciəsinə həsr edilmiş foto-sərgi təşkil olunmuş, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdirilmiş, Küveytin “Əl-Nahar” və “Əl-Vasat” qəzetlərində səfirliyin faciə ilə əlaqədar bəyanatı dərc olunmuşdur.

Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb, çoxaldılmış “20 Yanvar” foto-albomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə, burada fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndərilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi

Əl-Küveyt şəhəri.

 

Arxiv üzrə axtarış