2015-12-31

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

30 dekabr 2015-ci il tarixində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il” münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyində Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”nin, həmçinin ölkə ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Səfirlikdə tədbir keçirilmişdir.

Öncə, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə Dünya Azərbaycanlılarına ünvanladığı müraciət oxunmuşdur. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Eyni zamanda tədbirdə  “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış etmiş, həmvətənlərimizi bayram münasibətilə təbrik etmişdir. 

Tədbirin sonunda bayram ziyafəti verilmişdir.

 

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi    

Əl-Küveyt şəhəri

 

Arxiv üzrə axtarış