2016-02-27

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı Səfirlik tərəfindən keçirilmiş silsilə tədbirlər

Küveyt məscidlərində cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılmışdır

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü ilə faciənin ildönümü ərəfəsində öncəki illərdə olduğu kimi bu il də Küveytin məscidlərində cümə namazı xütbələrində Xocalı soyqırımının qurbanları anılmış, onlara Allahdan rəhmət dilənmişdir.

Səfirlikdə Anım mərasimi

Fevralın 24-də Azərbaycan Respublikasının Küveytdəki səfirliyinin akt zalında Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin, Türkiyənin icma üzvlərinin, o cümlədən Türkiyə Respublikasının Küveyt Dövlətindəki səfirliyinin nəzdində fəaliyyət göstərən orta məktəbin müəllim kollektivinin, Küveyt Universitetində təhsil alan türkdilli dövlətlərin tələbələrinin, Küveytin ictimai-siyasi dairələrinin nümayəndələrinin, həmçinin yerli kütləvi informasiya vasitələrinin əməkdaşlarının iştirakı ilə anım mərasimi keçirilmişdir.

Anım mərasimində Xocalıda qətlə yetirilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Cavid Musayev çıxış edərək 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açmışdır. Həmçinin,  ölkəmizin taleyüklü problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı zamanı törədilmiş vəhşiliklər, insan tələfatı bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Eyni zamanda tədbirdə  “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edərək, Xocalı qətliamı zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş yaşlılar, qadınlar və uşaqlar barədə məlumat vermişdir. 

Daha sonra tədbir iştirakçıları “Xocalı” sənədli filminə tamaşa etmiş, Səfirlikdə təşkil olunmuş fotostendlə tanış olmuşdurlar. Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb çoxaldılmış “Xocalı Soyqırımı” kitabı tədbir iştirakçılarına təqdim olunmuşdur.

Göstərilənlərlə yanaşı, səfirlik tərəfindən ərəb və ingilis dilində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş xüsusi bülleten hazırlanaraq,  Küveyt Parlamentinə, Xarici İşlər Nazirliyinə, həmçinin digər nazirliklərə, ölkədə akkreditə olunmuş səfirliklərə və beynəlxalq təşkilatlara göndərilmişdir.

Küveyt mətbuatı Xocalı Soyqırımından yazır

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik olan “Əl-Ənbə”, “Əl-Kuwaityah” qəzetlərində”, həmçinin “Manşet” internet portalında  məqalələr dərc edilmişdir. Məqalələrdə, 1992-ci ilin 26 fevral tarixində Xocalıda SSRİ ordusunun 366-cı motoatıcı alayının iştirakı və dəstəyi ilə erməni quldurlarının törətdikləri ağlasığmaz qəddarlıqdan söhbət açılmışdır. 

Qeyd edilib ki, erməni silahlı qüvvələri müasir silahlardan istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki əhalisinə qarşı vəhşi qətliam cinayəti həyata keçirmişdir. Bu genosid aktı XX əsrin ən qanlı cinayətlərindən biri kimi, II Dünya müharibəsi zamanı nasistlərin törətdiyi cinayətlərlə müqayisə olunur. Həmin qanlı gündə terrorçu erməni silahlı qüvvələri keçmiş SSRİ-nin o zamanlar həmin regionda yerləşdirilmiş 366 saylı motoatıcı alayının yardımı və iştirakı ilə Xocalı şəhərinə hücum edib.

Bu soyqırım zamanı 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfəri qətlə yetirilib, 70 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 vətəndaşımız ağır yaralar alıb, 150 nəfər itkin düşüb, 1275 nəfər girov götürülüb. 26 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. 56 nəfər xüsusi qəddarlıq və vəhşiliklə qətlə yetirilib, başları kəsilib, başlarının dərisi soyulub, gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb.

“24 il öncə Xocalıda bir soyqırım törədilib. Bu qəddar vəhşiliyin soyqırım olması bütün faktlarla, təsdiq edilməkdədir.

Küveytli baykerlər tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş

Xocalı soyqırımının 24-cü ildönümü münasibəti ilə 27 fevral 2016-cı il tarixində “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyinin dəstəyi və Küveytdə fəaliyyət göstərən “Vətənsevər Dostluq Cəmiyyəti”nin birgə təşkilatçılığı ilə küveytli baykerlər tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilən motoyürüş təşkil edilmişdir. Motoyürüşün məqsədi Küveyt ictimaiyyətinin diqqətini Xocalı həqiqətlərinə cəlb etmək olmuşdur.

Küveyt vətəndaşı Bədii Əl-Avaidi yürüşdən öncə soyqırım zamanı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklər, amansızcasına qətlə yetirilmiş uşaqlar, qadınlar və yaşlı insanlar barədə iştirakçılara ətraflı məlumat vermişdir.

Yürüş zamanı səfirlik tərəfindən hazırlanmış müxtəlif informasiya-təbliğat xarakterli materiallardan istifadə olunmuşdur.

Arxiv üzrə axtarış