Səfir Elxan Qəhrəman "Əl-Şahed" qəzetinə müsahibəsi
Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu kütləsinə malik olan “Əl-Şahed” qəzetində “Azərbaycan Səfiri Elxan Qəhrəman: Küveytin xarici siyasətdə nailiyyətləri yüksək, problemləri isə sıfır səviyyəsindədir” başlıqlı bir səhifəlik müsahibə nəşr edilmişdir. Müsahibədə 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan sonra Küveyt Dövlətinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğu, müstəqillik əldə etdikdən sonra iki ölkə arasında əlaqələrin yaxın dostluq mərhələsinə qədər gəlib çatdığı vurğulanmış, 2004-cü ildə Respublikamızın Küveytdə və 2006-cı ildə Küveyt Dövlətinin ölkəmizdə səfirliklərinin təsis edilməsindən sonra bu əlaqələrin daha da inkişaf etdiyi bildirilmişdir. Müsahibədə İki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd olunmuş, iqtisadi əlaqələrin də inkişaf etdirilərək arzuolunan səviyyəyə çatdırılması istiqamətində səylərimizin artırıldığı, bu məqsədlə müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsini nəzərdə tutan 18 sənədin imzalandığı, 13 sənədin isə tərəflər arasında baxılmaqda olduğu və yaxın gələcəkdə əksəriyyətinin imzalanacağı vurğulanmışdır. Bunların arasında təhsil, səhiyyə, iki ölkə arasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi məqsədilə bir başa hava əlaqələrinin yaradılması və s. sahələri əhatə etdiyi bildirilmişdir.
Jurnalistin iki ölkə arasında ticarət mübadiləsinin həcmi barədə sualını cavablandıraraq, hazırda iki ölkə arasında qarşılıqlı ticarət mübadiləsinin həcmi təxminən 4 milyon ABŞ dolları həcmində olduğu, lakin bu göstəricinin ölkələrimizin mövcud potensialı ilə müqayisədə çox aşağı olduğu, bu məbləğin daha da artırılması üçün ölkəmizdə sərmayə yatırımı imkanlarının böyük və müxtəlifliyi vurğulanmışdır. Artıq son dövrlərdə Küveytli iş adamlarının ölkəmizə marağının artdığı və hazırda paytaxtda və regionlarda turizm və kənd təsərrüfatı sahələrinə sərmayə yatırdıqları qeyd olunmuşdur.
Jurnalistin Suriya, İraq və digər dövlətlərdə baş verən hadisələrin həllini necə görürsünüz sualı cavablandırılaraq, qeyd olunmuşdur ki, həmin ölkələrdə sülhün və əmin-amanlığın beynəlxalq təşkilatlar çərçivəsində tezliklə bərpa olunması, bu ölkələrin xalqlarına xoş və firavan həyat arzuladığımız vurğulanmış, Suriya ilə bağlı keçirilən toplantıda Küveyt Dövlət başçısının dəvətilə Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi qeyd olunmuşdur. Eyni zamanda ölkəmizin müstəqillik əldə etdikdən bəri Ermənistanın Respublikamıza təcavüzü və bu təcavüzün hələ də davam etməsindən söz açılmışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansı irəliləyişlərin olduğu sualına cavab verilərək bildirilmişdir ki, 1994-cü ildə tərəflər arasında atəşkəsin dayandırılması ilə bağlı sənəd imzalanmışdır. Azərbaycan Dövləti Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş 20 faiz ərazilərimizin müharibə yolu ilə deyil sülh və danışıqlar yolu qaytarılmasının tərəfdarıdır və daim beynəlxalq konfranslarda bunu dəfələrlə elan etmişdir. Lakin axırıncı aprel ayının 2-5 tarixlərində təmas xəttində baş verən hadisələrdə Ermənistan ordusunun təmas xəttində yaşayan dinc əhalini atəşə tutduğu, baş vermiş hadisələrdə ordumuzun orada yerləşən mülki əhalinin müdafiəsi məqsədilə separatçı qüvvələrin və Ermənistan ordusunun hücumlarının qarşısını layiqincə aldığı və geri oturdulduğu diqqətə çatdırılmışdır. İşğal altında olan ərazilərimizin hərbi yolla işğaldan azad olunmasına ordumuzun qadir olduğu, lakin münaqişənin sülh yolu ilə beynəlxalq təşkilatlar çərçivəsində həlinin tərəfdarı olduğumuz dəfələrlə və təkrarən Azərbaycanın yüksək rəhbərliyi tərəfindən beynəlxalq təşkilatlar qarşısında vurğulandığı, Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən qeyd şərtsiz çıxarılması barədə BMT-nin 4 qətnaməsinin icrasının tezliklə yerinə yetirilməsinin tələb edildiyi vurğulanmışdır.
Müsahibdə, təmas xəttində baş vermiş son hadisələrin əsas səbəbinin Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərində olduğu göstərilmiş, onların işğal altında olan ərazilərdən çıxarılmayacağına qədər bu kimi hadisələrin təmas xətində tez-tez baş verəcəyinə əmin olduğumuz qeyd edilmişdir. Həmçinin, münaqişənin sülh yolu həll olunması üçün beynəlxalq təşkilatlardan qəbul olunmuş BMT qətnamələrinin dərhal icra olunmasını və ermənistan silahlı qüvvələrinin dərhal və qeyd şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdiyimiz, yalnız bundan sonra bölgədə sülh danışıqlarının müzakirəsinə başlamağın mümkün olduğu diqqətə çatdırılmışdır.