2016-05-23

Səfir Elxan Qəhrəman nəzakət görüşü ilə Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın qəbulunda

23 may 2016-cı il tarixində səfir Elxan Qəhrəman nəzakət görüşü ilə Küveyt Dövlətinin Vəliəhdi Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabahın qəbulunda oldu.

Görüş zamanı, səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsən Küveyt Dövlətinin Əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Cabir  Əl-Sabaha, Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd Əl-Cabir Əl-Sabaha və bütün Küveyt xalqına ünvanladığı səmimi salamları və xoş arzuları çatdıraraq, Azərbaycan rəhbərliyinin iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd etdi.

 Ölkələrimiz arasında tarixi, dini və mədəni bağlılığın əlaqələrimizin inkişafı üçün münbit şərait yaratdığını bildirən səfir E. Qəhrəman, İslam dinini birincilər sırasında qəbul etmiş Azərbaycanın İslam və ərəb dövlətləri, o cümlədən Küveytlə münasibətlərinə toxunaraq, mövcud əlaqələrin qurulması və inkişafında xalqımızın Ümummilli lideri Heydər Əliyevin böyük rolunu vurğuladı, daha sonra cənab Prezident İlham Əliyevin 2009-cu ilin fevral ayında Küveytə rəsmi səfərinin əhəmiyyətini qeyd etdi. Eyni zamanda, bu cür yüksək səviyyəli səfərlərin iki ölkə arasındakı səmimi münasibətlərin inkişafına güclü təkan verdiyini bildirdi.

Həmçinin, Şeyx Nəvaf Əl-Əhmədin Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu qeyd edərək, bu səfərin iki ölkə arasında mövcud münasibətlərin daha da genişlənməsinə öz töhfəsini verəcəyinə inandığını vurğuladı.

Daha sonra, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığından söhbət açan səfir,  ölkəmizin taleyüklü problemi olan Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsilə əlaqədar Küveyt Dövlətinin  Respublikamıza göstərdiyi siyasi dəstəyə görə minnətdarlığını bildirdi, iki ölkə arasında mövcud sıx əlaqələrin daha da inkişaf etməsi və genişlənməsi üçün var qüvvəsini sərf edəcəyini vurğuladı.

 Küveyt Dövlətinin Vəliəhdi Küveyt rəhbərliyi və xalqının Azərbaycanla hərtərəfli əlaqələrin inkişafında maraqlı olduqlarını və bu münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini vurğuladı. Şeyx Nəvaf  Əl-Əhməd səmimi salamlarına və xoş arzularına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə etdi və öz növbəsində dövlət başçımıza səmimi salamlarının və dost Azərbaycan xalqına rifah, inkişaf və tərəqqi barədə arzularının çatdırılmasını xahiş etdi.

Söhbətin sonunda Vəliəhd Şeyx Nəvaf Əl-Əhməd bir daha dost Azərbaycan Respublikasının ölkəsindəki səfirini qəbul etməkdən məmnun olduğunu vurğuladı və səfir  E. Qəhrəmana  diplomatik fəaliyyətində uğurlar arzuladı.

 

 

Arxiv üzrə axtarış