2016-05-28

"28 May-Respublika Günü" münasibəti ilə təntənəli rəsmi qəbul

2016-cı ilin 25 may tarixində Küveytin “Marina” mehmanxanasının  “Salva Sabah Əl-Əhməd” konfrans və ziyafətlər zalında “28 May-Respublika Günü”  münasibəti ilə təntənəli rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi tərəfindən keçirilən rəsmi qəbulda əsas qonaq kimi Küveyt Dövlətinin təhsil və ali təhsil naziri Dr.Bədr  Haməd    Əl-İsa,  Küveytin dövlət və hökumət nümayəndələri, o cümlədən, paytaxt Əl-Küveyt şəhərinin valisi  Səbit Məhəmməd Əl-Mihənnə, paytaxt Əl-Küveyt şəhərinin keçmiş Valisi Şeyx Əli Əl-Cabir Əl-Sabah, Əl-Farvaniyə əyalətinin valisi Faisal Əl-Humud Əl-Malik Əl-Sabah, dövlət başçısının oğlu Şeyx Nasir Əl-Sabah (Əmir Administrasiyasının rəhbəri), qardaşı oğlu Şeyx Təlal Əl-Sabah, Küveyt Mülki Aviasiya Baş İdarəsinin Prezidenti Favvaz Əl-Farah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik və beynəlxalq  nümayəndəliklərinin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz və aparıcı kütləvi-informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının nümayəndələri iştirak etmişlər.

Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, Səfir Elxan Qəhrəman çıxış edərək Respublikamızda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrdəki sürətli inkişaf, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son danışıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

Daha sonra Səfir E.Qəhrəman  kütləvi informasiya vasitələrinə və  KTV-2 televiziya kanalına müsahibə vermişdir.     

Tədbirdə Respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, səfalı turizm guşələrini özündə əks etdirən foto sərgi təşkil olunmuş və  sənədli film nümayiş etdirilmişdir.  

Arxiv üzrə axtarış