“28 May-Respublika Günü” münasibəti ilə təntənəli rəsmi qəbul
2017-ci ilin 24 may tarixində Küveytin “Marina” mehmanxanasının “Salva Sabah Əl-Əhməd” konfrans və ziyafətlər zalında “28 May-Respublika Günü” münasibəti ilə təntənəli rəsmi qəbul keçirilmişdir.
Azərbaycan Respublikasının Küveytdəki Səfirliyi tərəfindən keçirilən rəsmi qəbulda əsas qonaq kimi Küveyt Dövlətinin Təhsil və Ali Təhsil naziri Məhəmməd Ədüllətif Məhəmməd Əl-Fares, Küveytin dövlət və hökumət nümayəndələri, Küveyt Dövləti Əmirinin oğlu Şeyx Nasir Əl-Sabah (Əmir Administrasiyasının rəhbəri), qardaşı oğlu Şeyx Təlal Əl-Sabah, hakim ailənin nüfuzlu üzvləri, Küveyt parlamentinin deputatları, Küveyt Xarici İşlər Nazirliyinin əməkdaşları, ölkənin tanınmış və nüfuzlu ictimai-siyasi xadimləri, burada akkreditə olunmuş diplomatik və beynəlxalq nümayəndəliklərinin rəhbərləri və diplomatik korpusun digər əməkdaşları, Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Çəmiyyəti”nin, Türk icmasının üzvləri və aparıcı kütləvi-informasiya vasitələrinin, dövlət və özəl televiziya kanallarının nümayəndələri iştirak etmişlər.
Tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, Səfir Elxan Qəhrəman çıxış edərək son illərdə ölkəmizdə keçirilən beynəlxalq konfranslar, idman yarışları, respublikamızda gedən siyasi, iqtisadi, mədəni, turizm sahələrdəki sürətli inkişaf, ölkəmizin taleyüklü problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir eyni zamanda, iki ölkə arasında son illərdəki qarşılıqlı səfərlər, turizm sahəsində əlaqələr, 2017-ci ildən başlayaraq Azərbaycan-Küveyt arasında ilk dəfə olaraq Küveytin “Əl-Cəzirə” aviaşirkəti və “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarələrin xüsusi çarter reyslərinin həyata keçirilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Səfir E.Qəhrəman çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunduğunu, bu məqsədlə ölkəmizdə bir çox tədbirlərin keçirildiyini və il ərzində keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırmış, həmçinin 12-22 may tarixlərində dünyanın 4 qitəsindən 54 müsəlman ölkəsinin idmançılarının iştirakı ilə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından söz açmış və artıq bu oyunların böyük uğurla başa çatdığını qeyd etmişdir. Tədbirdə Respublikamızın qədim tarixi, zəngin mədəniyyəti, memarlıq abidələri, səfalı turizm guşələrini özündə əks etdirən sənədli film nümayiş etdirilmişdir.
Daha sonra Səfir E.Qəhrəman kütləvi informasiya vasitələrinə, televiziya kanallarına müsahibə vermişdir.
2017-ci ilin 26 may tarixində Küveytdə ərəb və ingilis dilində gündəlik nəşr edilən kütləvi informasiya vasitələrində “28 May Respublika Günü” münasibətilə Səfirlik tərəfindən keçirilən tədbir barədə ətraflı məlumatlar nəşr edilmişdir.
Tədbirdə Küveyt tərəfindən rəsmi qonaq qismində iştirak edən Küveyt Dövlətinin Təhsil və Ali Təhsil naziri Məhəmməd Ədüllətif Məhəmməd Əl-Fares KİV-lərə müsahibəsində Azərbaycan ilə Küveyt arasında iqtisadi, ticari, siyasi, turizm sahələrində əlaqələr yüksək səviyyədə olduğunu bildirmiş, həmçinin iki ölkə arasında təhsil sahəsində də əlaqələrinə toxunaraq, Küveytin Azərbaycanın təhsil sahəsi ilə, xüsusilə də oradakı universitetlərin təhsil sistemi ilə tanış olmaq arzusunda olduğunu diqqətə çatdırmışdır. O, Azərbaycanın Küveytdəki səfirini bu sahədə müzakirələrin aparılması məqsədilə nazirliyə dəvət etdiyini də vurğulamışdır.
Eyni zamanda Azərbaycanın Küveytdəki Səfiri Elxan Qəhrəman kütləvi informasiya vasitələrinə açıqlamasında iki ölkə arasında əlaqələrin bütün sahələrdə, xüsusilə də mədəniyyət və turizm sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, bu istiqamətdə son illərdə bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirildiyini vurğulamışdır. Səfir eyni zamanda, Azərbaycan Demokratik Respublikasının yaranmasının 99-cu ildönümü qeyd etdiklərini bildirmiş, hələ 1918-ci ilk Şərqdə ilk demokratik müsəlman dövlətinin yarandığını, müəyyən səbəblərdən çox uzun yaşamadığını, lakin 1991-ci ildə ikinci dəfə Azərbaycanın öz müstəqilliyini əldə etdiyini diqqətə çatdırmışdır.
Səfir KİV-ə müsahibəsində həmçinin Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, işğal olunmuş ərazilərin işğalının Ermənistan tərəfindən qeyri-qanuni şəkildə uzadıldığını qeyd etmiş, Küveytin münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulamışdır.
Göstərilənlərlə yanaşı qeyd etmək istərdik ki, Küveyt Dövləti Əmiri və Vəliəhdi tərəfindən “28 May-Respublika Günü” münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlamış təbrik məktublarına dair məlumatlar kütləvi informasiya vasitələrində öz əksini tapmışdır.
Al-Seyassah
http://al-seyassah.com/%D8%A7%D9%84%D9%81%D8%A7%D8%B1%D8%B3-%D8%B1%D8%BA%D8%A8%D8%A9
Al-Anba
http://www.alanba.com.kw/ar/kuwait-news/education/748411/26-05-2017
Al-Nahar
Al-Ray
http://www.alraimedia.com/ar/article/local/2017/05/26/768418/nr/kuwait