2017-10-25

İkinci Bakı Şopinq Festivalı barədə məqalələr

Küveytdə gündəlik ərəb dilində nəşr olunan və böyük oxucu auditoriyasına malik “Əl-Nahar” qəzetinin 23 oktyabr tarixli buraxılışında “İkinci Bakı Şoping Festivalı alıcıları inanılmaz endirimlər ilə məmnun edir” və 24 oktyabr tarixində Əl-Biləd xəbərlər agentliyində “Azərbaycanda ikinci Bakı Şopinq Festivalı keçirilir” sərlövhəli məqalələr dərc edilimişdir.

Məqalələrdə cari ilin oktyabr ayının 15-dən start götürən ikinci Bakı Şopinq Festivalı öz işini və rəngarəng fəaliyyətini uğurla davam etdirdiyini, İkinci festivalın tədbirlərinə Azərbaycan və dünyanın müxtəlif yerlərindən yüz minlərlə insanın qoşulacağının gözləndiyi bildirilmişdir. Şopinq həvəskarlarının bu dəfəki festivalda özləri üçün tam yeni, fərqli məqamlar kəşf etdiyi qeyd olunaraq, festivalın Respublikaya turist axınının gücləndirilməsi, əhalinin alıcılıq qabiliyyətinin təşviq edilməsi məqsədilə Mədəniyyət və turizm nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu tərəfindən irəli sürülən özünəməxsus təşəbbüs olduğu, ikinci festivalda çoxlu geyim brendləri, ekskluziv malların təqdim edildiyi, qızıl, zinət əşyaları qazanmaq şanslarının yaradıldığı qeyd edilmişdir.

Bununla yanaşı, alıcıların festival çərçivəsində əyləncəli proqramlardan, əla alış-verişdən və hədiyyə qazanmaqdan həzz aldıqlarını, habelə onların alış-verişdən daha çox həzz alması və hədiyyə qazanması üçün 500-ə yaxın ticarət obyekti, market, turizm şirkətinin fesivala qoşulduğu, festivalda geyim, elektronika məhsulları, saatlar, ətriyyat, məişət texnikası və s. kimi seçilmiş mallara 70%-ə qədər endirimlər təklif edildiyi oxucuların diqqətinə çatdırılmışdır.


Həmçinin turizm şirkətləri tərəfindən təyyarə biletləri, daşınma və transfer xidmətləri, sığorta, hotellərdə ən azı 3 gecə qalma, Bakı şopinq festivalında iştirak edən ticarət obyektlərinə şopinq turların həyata keçirilməsi və s. daxil olmaqla həvəsləndirici təkliflər irəli sürüldüyü, müştərilərin bu festivalda “Tax-free” sistemindən istifadə etməklə, xərclədikləri pulun müəyyən hissəsini geri almaq şansı qazandıqları diqqətə çatdırılmışdır. Üzərində “Tax-free” loqosu olan mağazalardan alınmış malların ƏDV-si turistlərə geri qaytarıldığı, ilk dəfə olaraq Bakı Şopinq Festivalı çərçivəsində “Tax-free” bütün alıcılara – xarici turistlərlə yanaşı, yerli əhaliyə də şamil edildiyi, onlar aldıqları mallara görə ödədikləri ƏDV-nin bir hissəsini geri ala bildikləri qeyd edilmişdir.

Məqalələrdə Cənubi Qafqaz respublikalarından biri olan, müsəlman ölkəsi Azərbaycanın regionda ən iri iqtisadiyyata malik olduğu, turistik, tarixi və mədəni görməli yerləri ilə bir çox əcnəbi, xüsusilə də Ərəb ölkələrindən olan turistlər üçün cəlbedici bir məkana çevirildiyi diqqətə çatdırılmışdır.

Azərbaycana son aylarda gələn turistlərin sayı haqqında məlumat verilərək, cari ilin əvvəlindən indiyədək Azərbaycana gələn turistlərin sayında 21% artımın qeydə alındığı, ilin 8 ayı ərzində xarici turistlərin ölkəmizdə 703 milyon dollar xərclədikləri qeyd olunaraq, bunun da ötən illə müqayisədə 100 milyon dollar çox olduğu bildirilmişdir. Birinci Bakı Şopinq Festivalının daha çox yerli alıcıların fəallığı ilə yadda qaldığı qeyd olunaraq, İkinci Bakı Şopinq Festivalının isə əsas hədəfinin xarici turistlərin fəallığına nail olmaq və bunun üçün xüsusi turizm paketlərinin hazırlandığı qeyd olunmuşdur.

             

Azərbaycan Respublikasının

Küveyt Dövlətindəki Səfirliyi       

Əl-Küveyt şəhəri

 

Əl-Nahar

http://annaharkw.net/%D9%85%D9%87%D8%B1%D8%AC%D8%A7%D9%86-%D8%A8%D8%A7%D9%83%D9%88-%D8%A7%D9%84%D8%AB%D8%A7%D9%86%D9%8A-%D9%84%D9%84%D8%AA%D8%B3%D9%88%D9%82-%D9%8A%D8%B3%D8%B1-%D8%A7%D9%84%D9%85%D8%AA%D8%B3%D9%88%D9%82/

 

Əl-Biləd xəbərlər agentliyi

http://www.alblaad.com/news/64445/

Arxiv üzrə axtarış